AZ

Naxçıvan duzunun dünya bazarına yolu hələ də bağlıdır...


Akif Nəsirli: “İxrac üçün sertifikatlar, keyfiyyət standartları və beynəlxalq tələblər Naxçıvan istehsalı üçün hələ tam təmin edilməyib”

Qədim Naxçıvan torpağı yeraltı və yerüstü sərvətləri, əvəzolunmaz nemətləri ilə zəngindir. Bu diyarın havası, suyu, torpağında bitən bitkiləri, necə deyərlər, dərdlərə dərman, qəlblərə məlhəmdir. Bir sözlə, Tanrı bu diyara bir-birindən dəyərli, faydalı qazıntılar bəxş edib. Bu nemətlər arasında duzun xüsusi yeri var.

Uzun illərdir keyfiyyəti və təbii xüsusiyyətləri ilə seçilən Naxçıvan duzu ölkə daxilində geniş istifadə olunsa da, xarici bazarlara çıxışı təmin edilməyib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, hazırda Naxçıvan duzunun heç bir ölkəyə ixracı həyata keçirilmir. Maraqlıdır, Naxçıvan duzunun ixracına mane olan səbəblər nədir?

“Naxçıvanın coğrafi izolyasiyası logistika çətinlikləri, ixrac üçün standartların tam yerinə yetirilməməsi və bazar motivasiyasının zəif olması ilə bağlıdır”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Naxçıvan duzunun ixracının olmamasının bir neçə mümkün səbəbi ola bilər: “Naxçıvan Azərbaycanın quruya çıxışı olmayan eksklavıdır və yalnız Ermənistan, İran və Türkiyə ilə sərhədləri var. Ermənistanla sərhəd blokadadadır, buna görə Naxçıvandan ixrac üçün birbaşa yol yoxdur. Bu da ixrac üçün ciddi nəqliyyat çətinlikləri yaradır və əlavə maliyyə tələb edir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, duz istehsalı həcm və emal texnologiyası baxımından xarici bazarlara uyğun olmaya bilər: “İxrac üçün keyfiyyət standartları və qablaşdırma tələblərinə cavab verməkdə çətinliklər ola bilər. İxrac üçün sertifikatlar, keyfiyyət standartları və beynəlxalq tələblər Naxçıvan istehsalı üçün hələ tam təmin edilməyib. Bu da ixracata təsir edir. Eyni zamanda, gömrük prosedurları və vergi rejimi ixracı çətinləşdirə bilər. Duz daxili bazarda kifayət qədər satılırsa, istehsalçılar üçün daxili satış daha sərfəlidir. Xarici bazarlarda tanınmamış marka və aşağı tələb ixracı risqli edir. Qısaca desək, əsas səbəblər Naxçıvanın coğrafi izolyasiyası, logistika çətinlikləri, ixrac üçün standartların tam yerinə yetirilməməsi və bazar motivasiyasının zəif olması ilə bağlıdır”.

Günel CƏLİLOVA

Seçilən
11
baki-xeber.com

1Mənbələr