AZ

Qiymət artımının gizlədilən tərəfləri - 10 qəpik az deyil! » AzadMedia.az


İctimai nəqliyyatda gediş haqqının 10 qəpik artırılması adi məsələ kimi təqdim olunur. Bəziləri bunu cüzi məbləğ hesab edərək, "elə də böyük fərq deyil" deyə yanaşır. Amma rəqəmlərə diqqət etdikdə, vəziyyətin heç də sadə olmadığı üzə çıxır.

Rəsmi statistika göstərir ki, ötən il ərzində metro və avtobuslarla ölkədə 2 milyarddan çox sərnişin daşınıb. Bu, gediş haqqının orta hesabla 50 qəpik olduğu şəraitdə illik 1 milyard manatdan artıq gəlir deməkdir. İndi isə hər gedişdə 10 qəpik əlavə ödənişin tətbiqi nəqliyyat sektoruna növbəti bir ildə təxminən 200 milyon manat əlavə gəlir qazandıracaq.

Əlbəttə, 10 qəpik fərdi sərnişinin cibində "gözə görünməyə" bilər. Amma ümumi kütləvi daşınma fonunda bu, böyük biznes maraqlarına çevrilir. Məsələ yalnız nəqliyyat sektorunun qazancında deyil. Nəqliyyatda baş verən hər bir artım zəncirvari şəkildə ərzaqdan tutmuş digər xidmətlərin qiymətinə qədər sirayət edir. Çünki daşınma xərcləri istər-istəməz bazar dəyərinə təsir göstərir.

Bu baxımdan, qiymət artımını yalnız "10 qəpik" deyib keçmək sadəlövh yanaşmadır. Çünki burada söhbət sadəcə nəqliyyat xidmətinin maya dəyərindən yox, bütövlükdə iqtisadiyyata və əhalinin gündəlik xərclərinə təsir edən bahalaşma dalğasından gedir.

İndi isə qərar vermək ictimaiyyətindir: bu sadəcə "10 qəpik"dir, yoxsa gələcəkdə daha geniş miqyaslı bahalaşmanın başlanğıcı?
Elnurə


Seçilən
4
1
azadmedia.az

2Mənbələr