AZ

Astanada Çanaqqala döyüşünün 110 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTOLAR

L.N. Qumilyov adına Avrasiya Milli Universitetində (AMU) Türk Akademiyası “Tarixi dəyişən döyüş – Çanaqqala 1915” əsərinin qazax, qırğız və özbək dillərinə tərcüməsini təqdim edib. SİA Türk Akademiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, elmi tədbirdə AMU-nun prorektoru Ardak Beysenbay, Türk Akademiyasının vitse-prezidenti Asxat Kesikbayev, Türkiyə səfirliyinin üçüncü katibi Fethi Şahin, Azərbaycan və Özbəkistanın diplomatları, həmçinin elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Türk Akademiyasının vitse-prezidenti A. Kesikbayev Çanaqqala döyüşünün tarixi əhəmiyyətini vurğulayıb.

“Çanaqqala yalnız hərbi qələbə deyil, həm də türk xalqlarının müstəqillik yolundakı iradəsinin, tarixi özünüdərkin yenidən oyanışının rəmzidir. Çanaqqala döyüşü Osmanlı xalqının ağır bir dövrdə birlik və dözüm nümayiş etdirdiyi dönüş nöqtəsi oldu. Əgər bu qələbə olmasaydı, bu gün biz nə müstəqil Türkiyə Respublikasından, nə də güclü Türk dünyasından danışa bilərdik. Buna görə də bu döyüşün yaddaşını gələcək nəsillərə ötürmək bizim ortaq borcumuzdur”, – deyə o bildirib.

Bundan əlavə, Akademiyanın vitse-prezidenti vurğulayıb ki, yeni tərcümə yalnız kitabın məzmununun çatdırılması deyil, həm də Çanaqqala qəhrəmanlarının şücaətinin xatirəsini Türk xalqlarının gənc nəslinə əmanət etmək məqsədi daşıyır.

Qeyd olunub ki, kitabda Çanaqqala döyüşünün hərbi-strateji cəhətləri, cəbhədəki insanların taleyi, onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq hərtərəfli işıqlandırılır. Tədbir çərçivəsində mövzuya dair məruzələr edilib, fikir mübadiləsi aparılıb.

Nəşrin təkcə tarixi şüurun möhkəmlənməsinə deyil, həm də Türk xalqlarının birliyi və əməkdaşlığının inkişafına töhfə verəcəyi gözlənilir.

Seçilən
4
sia.az

1Mənbələr