AZ

Azərbaycan və Türkiyə arasında insan hüquqları sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub  

Sentyabrın 29-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Türkiyə arasındakı münasibətlərin təməlində xalqlarımızın ortaq tarixinin, dilinin, dininin, milli-mənəvi dəyərlərinin dayandığı, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutan ölkələrimizin daim bir-birinin yanında olduğu bildirilib. Bu gün dövlətlərarası münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının dövlət başçılarımızın qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin nəticəsi olduğu qeyd edilib.

Söhbət zamanı Sahibə Qafarova Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında da geniş əlaqələrin mövcud olduğunu, parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

Görüşdə ombudsmanla Milli Məclis arasında sıx əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. Həmçinin Azərbaycanın Ombudsman (İnsan hüquqları üzrə müvəkkil) Aparatı ilə Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumu arasında sıx əməkdaşlığın olması da təqdirəlayiq hal kimi qiymətləndirilib.

Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altun Azərbaycanın qazandığı uğurlardan, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən məmnunluqla danışıb. Bildirib ki, müasir dövrdə dünyada hökm sürən ikili standartlar beynəlxalq səviyyədə əməkdaşlığımızı daha da gücləndirməyə və buna qarşı birgə fəaliyyətimizi artırmağa sövq edir.

Görüşdə insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi qeyd edilib, bu sahədə qanunverici orqanların mühüm rolu vurğulanıb.

Seçilən
28
10
azerbaijan-news.az

10Mənbələr