AZ

Bakı İqlim Fəaliyyəti Həftəsində KOB larla bağlı müzakirələr aparılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsində Yaşıl bacarıqlar ekosisteminin dəstəklənməsi - KOB-lar mövzusu müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, sessiya “Rotas Consulthing” şirkətinin nümayəndəsi Orxan Mustafayevin moderatorluğu ilə keçirilib.

Sessiyada çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov ikinci ildir keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsinin gözəl bir platformaya çevrildiyini deyib: "Biz keçən həftə Nyu-Yorkda iqlim həftəsində iştirak etdik. Orada yaşıl iqtisadiyyatla bağlı mühüm məsələləri müzakirə etdik".

O qeyd edib ki, KOB-larda səmərəli istehsal baxımından yaşıl texnologiyanın tətbiqi mühüm rol oynayır: "Burada üç məqamı qeyd etmək istərdim: məlumat çatışmazlığı, səriştələrin azalması və maliyyə məsələsini".

Agentlik sədri Azərbaycanda KOB evlərinin geniş yayıldığını bildirib. “Biz sahibkarlara, yeni biznes açanlarla təlimlər keçiririk. Sahibkarlar səmərəli istehsalla bağlı bir çox təcrübələrə yiyələnirlər”, - deyə O.Məmmədov əlavə edib.

O, agentliyin yaşıl təşəbbüsləri dəstəklədiyini diqqətə çatdırıb. “2024-cü ildə ətraf mühit, sosial və korporativ idarəetmə üzrə milli standart qəbul olunub. COP29 çərçivəsində KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi imzalanıb”, - deyə O.Məmmədov bildirib.

“NDC Partnership”in Braziliyanın SEBRAE qurumunun beynəlxalq münasibətlər şöbəsinin müdiri Vinicius Lages KOB-lara borclarının qaytarılmasında dəstək olduqlarını bildirib. "Bunun üçün yeni fondlar yaradırıq. Biz 3 milyard dollar kredit vəsaiti olan Xüsusi Zəmanət Fondu yaratmışıq. Bu fond risk qavrayışını və borc yükünü azaldır. Bunun üçün müxtəlif təlimlər keçiririk ki, sahibkarlar maliyyəni səmərəli istifadə edə bilsinlər", - deyə o əlavə edib.

KOB-ların rəqəmsal keçid və süni zəkadan istifadəsinin vacibliyinə toxunan Vinicius Lages rəqəmsal və yaşıl keçid proseslərin paralel aparılmasının mühüm olduğunu qeyd edib.

Dünya İqlim Fondunun Baş icraçı direktoru Yens Nilsen çıxışında deyib: “İndiyə kimi 70-ə yaxın iqlim həftəsində iştirak etmişəm. Azərbaycan fəxr etməlidir ki, ən yaxşı COP tədbirlərindən birinə ev sahibliyi edib. Hazırda dayanıqlı müzakirələr gedir. Fürsətlər daha da böyüyür və qlobal imkanlar yaranır. İqlim dəyişikliyi ilə mübarizədə dayanıqlılıq aktual məsələdir. Dayanıqlılıq məsələsinin həlli heç də asan deyil. Bu gün yaradıb, səhər icra edə bilməzsiniz. Uzunmüddətli və qəliz məsələdir. Burada texnologiyanın iştirakı vacibdir. KOB sahəsində də dayanıqlılıq yaratmaq çətin məsələdir”.

Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev təşkilatların bir neçə yanaşması olduğunu bildirib: "Əvvəlcə biz yaşıl biznes üçün mühit yaradırıq. Çalışırıq ki, KOB-lar öz biznes modellərini yaratsınlar. Əsas məsələlərdən biri də maliyyəyə çıxışdır. Maraqlı ideyalar var, lakin maliyyə qıtlığı olduğu üçün sahibkarlar onları reallaşdıra bilmir".

O, yeni innovativ kredit mexanizmi yaradıldığını qeyd edərək KOB-larla hökumət və özəl sektor arasında sosial dialoqun vacibliyini vurğulayıb. Y.Həmzəyev əsas məqsədin yaşıl KOB-ların yaradılması olduğunu bildirib.

Yüksəksəviyyəli iqlim çempionları komandası ilə iş əlaqəsinin rəhbəri Elif Karakulak KOB-ların çox böyük rol oynadığını diqqətə çatdırıb. “Sıfır emissiya KOB-lar olmadan mümkün deyil. Lakin onlar iqlim dəyişikliyinin təsirinə məruz qalan tərəflərdəndir.

KOB-ların 66 faizi iqlim dəyişikliyinin təsirlərini görür. Resurs çatışmazlığı var. KOB-lar keçiddən geri qala bilərlər. Çalışırıq ki, KOB-lar yaşıl keçiddə iştirak etsinlər", - deyə E.Karakulak diqqətə çatdırıb.

Sonda sessiya iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
3
azertag.az

4Mənbələr