AZ

Azərbaycanın beynəlxalq reytinqinin artırılma səbəbləri BMT kürsüsündən bəyan edildi...


Vüqar Bayramov: “Bütün bunlar ölkədə aparılan islahatlarla əlaqədardır”

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bildirib ki, aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın reytinqini artırması ölkəmizin əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir:

“Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi (“Moody’s” və “Fitch”) Azərbaycanın reytinqini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə, Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır”.

“Qeyri-neft sektoruna sərmayə qoyuluşunun artacağı gözlənilir ki, bu da iqtisadi fəallığın artmasına öz töhfəsini verəcək”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Azərbaycanın makroiqtisadi göstəriciləri eyni zamanda investisiya mühitnin daha da yaxşılaşdırılmasını özündə ehtiva edir: “Bu, həm də daha çox sərmayənin cəlb edilməsini, eləcə də ölkədə iqtisadi təhlükəsizlik yastığının daha da gücləndirilməsinə xidmət edir. Nəzərə almaq lazımdır, Azərbaycan dünyada azsaylı ölkələrdən biridir ki, valyuta ehtiyatları ÜDM-in həcmindən daha çoxdur. Eyni zamanda xarici borcun ÜDM-də payının az olması, strateji ehtiyatlarımızdakı artımlar da praktik olaraq Azərbaycanda həyata keçirilən siyasətin məhz iqtisadiyyatda dayanıqlı iqtisadi inkişafın qorunub saxlanılmasına xidmət etdiyindən xəbər verir. O baxımdan, təbii ki, beynəlxalq reytinq təşkilatları tərəfindən biz mütəmadi olaraq Azərbaycanın investisiya reytinqinin artırılmasını müşahidə edirik. Bütün bunlar həm də ölkədə aparılan islahatlarla əlaqədardır. Ona görə də cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar birmənalı şəkildə ölkə iqtisadiyyatındakı artım tempinin dayanıqlığını gücləndirməklə iqtisadiyyata daha çox sərmayələrin cəlb edilməsinə, bütövlükdə iqtisadiyyatda xarici faktorların təsirlərinin minimumlaşdırılmasına gətirib çıxarır. Müşahidələr göstərir ki, qarşıdakı dövrdə ölkə iqtisadiyyatına xarici sərmayə qoyuluşu artacaq. Xüsusən də qeyri-neft sektoruna sərmayə qoyuluşunun artacağı gözlənilir. Bu isə iqtisadi fəallığın artmasına öz töhfəsini verəcək”.

Vidadi ORDAHALLI

Seçilən
13
baki-xeber.com

1Mənbələr