AZ

Körpələrin süfrəsində quru çörək, böyüklərin süfrəsində korrupsiya

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ağcabədidə bir uşaq bağçası haqqında səslənən iddia cəmiyyətin qanını qaraltdı: körpələrə quru çörək və su verilir.

Təsəvvür edin ki, ən həssas yaş dövründə olan uşaqlar, sağlam böyümələri üçün vitamin, zülal, meyvə-tərəvəzə ehtiyac duyan balacalar süfrəyə yalnız çörəklə oturdulur.

Məsələ təkcə bir kənd bağçasında deyil. Bu, sistemin xəstəliyidir. Dövlət büdcəsindən uşaq bağçaları üçün hər gün tonlarla ərzaq ayrılır. Amma o ərzaqların bir qismi yolda itib-batır, bir qismi isə “ağıllı” rəhbərlərin evinə daşınır. Körpələrin haqqı kimlərinsə süfrəsini bəzəyir.

Bu gün valideynlər övladlarını dövlət bağçasına aparanda inanmaq istəyirlər ki, uşaqları orada həm öyrənəcək, həm də normal qidalanacaq. Amma arxada başqa bir reallıq varsa, bağça yeməyi ilə ailəsini dolandıranlar varsa, deməli, təkcə uşaqların sağlamlığı deyil, gələcəyimiz də oğurlanır.

Korrupsiya burada kağız üzərindəki rəqəm deyil. Bu, körpələrin boşqabında görünən acı bir həqiqətdir. Nəzarət mexanizmləri işləmədikcə, ərzaq anbarlarının qapıları açıq qaldıqca bu mənzərə dəyişməyəcək.

Cəmiyyətin gözlədiyi isə sadədir: körpələrimizin payına çörək qırıntıları deyil, haqq etdikləri sağlam qida düşməlidir. Uşaqların süfrəsi təmizlənməsə, heç bir böyük masa, heç bir kreslo da həqiqətən “təhlükəsiz” olmayacaq.

Leyla Mirzə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
icma.az

1Mənbələr