AZ

DVX-də “AmCham Azərbaycan” ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə DVX rəisi Orxan Nəzərli, vergi xidmətinin digər rəhbər vəzifəli şəxsləri, “AmCham Azərbaycan”ın rəhbərliyi və təşkilatın digər üzvləri iştirak ediblər.

Tədbir çərçivəsində “AmCham Azərbaycan” tərəfindən hazırlanmış “Ağ Sənəd” təkliflər toplusu müzakirə olunub. Müzakirələrdə ƏDV depozit hesabından ödənişlər, vergi qanunvericiliyinin pozulması hallarına diferensial yanaşma, hüquqi şəxslərin mənfəət vergisi üzrə vergitutma bazası, qeyri-rezidentlərin vergiyə cəlb olunması, vergi öhdəliklərinin hesablanması ilə bağlı yanaşmalar üzrə informasiya bazaları, emissiya gəlirlərinin vergiyə cəlb edilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DVX rəisi Orxan Nəzərli bildirib ki, vergi orqanları açıq dialoqu və əməkdaşlığı yüksək qiymətləndirir. Belə görüşlər biznes mühitinin inkişafına və qarşılıqlı etimadın güclənməsinə töhfə verir. Qeyd olunub ki, DVX və “AmCham Azərbaycan” arasında qurulan əməkdaşlıq, biznes ictimaiyyəti ilə açıq dialoq platformasının davamıdır. “AmCham Azərbaycan” rəhbərliyi də görüşü yüksək qiymətləndirib, DVX ilə aparılan müzakirələrin üzv şirkətlərin ehtiyaclarını daha yaxşı ifadə etmək və optimal həll yolları tapmaq baxımından mühüm platforma olduğunu vurğulayıblar.

Görüşün sonunda müzakirələrin gələcəkdə də davam etdirilməsi razılaşdırılıb.

Qeyd edək ki, “AmCham Azərbaycan” 1996-cı ildə yaradılıb, ölkədə fəaliyyət göstərən xarici və yerli təşkilatların maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya assosiasiyasıdır. Hazırda təşkilat iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 260-dan çox üzv şirkəti birləşdirir. Azərbaycandakı xarici investisiyaların 80%-i və yerli sərmayənin əhəmiyyətli hissəsi AmCham-ın payına düşür. Palatanın əsas məqsədi üzv təşkilatların biznes maraqlarını dəstəkləməklə yanaşı, Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsinə töhfə verməkdir.

Seçilən
10
vergiler.az

1Mənbələr