AZ

Qarabağda mina və kasetli silah problemi: Dəyirmi Masada çağırışlar səsləndi / FOTOLAR » AzadMedia.az


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi tərəfindən “Kasetli sursatlar probleminin tədqiqi” layihəsi çərçivəsində Dəyirmi Masa keçirilib.

QHT.az xəbər verir ki, Birliyin sədri Hafiz Səfixanov bildirib ki, 1992–2025-ci illəri əhatə edən araşdırmalar işğaldan azad olunmuş ərazilərdə və sərhədyanı bölgələrdə aparılıb:

“56 gün davam edən monitorinqlər nəticəsində Azərbaycan və ingilis dillərində hesabat hazırlanıb. Ermənistan ordusu Vətən müharibəsi zamanı Bərdə və digər yaşayış məntəqələrini kasetli raketlərlə atəşə tutub, nəticədə yüzlərlə ev və obyektə ziyan dəyib. Araşdırmalara əsasən, 233 mülki şəxs (51 nəfər həlak olub, 182 nəfər yaralanıb) və 21 hərbçi kasetli silahların qurbanıdır. Qurbanların əksəriyyəti psixoloji travmalardan və sosial müdafiə imkanlarının məhdudluğundan əziyyət çəkir”.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Qarabağda mina təhlükəsinin miqyasına diqqət çəkib. Onun sözlərinə görə, Ermənistanın uzunmüddətli işğalı nəticəsində Azərbaycan dünyada ən çox mina ilə çirklənmiş ölkələrdəndir:

“Ümumilikdə 3,400-dən çox azərbaycanlı mina qurbanıdır, təkcə 2020-ci ildən bəri 400-dən artıq insan zərər çəkib. Minatəmizləmə işlərinin 95%-i dövlət büdcəsi hesabına aparılır, beynəlxalq dəstək isə kifayət qədər deyil. Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25%-dən artıq olmayıb, real təhlükənin isə 1,5 milyon mina olduğu güman edilir”.

Milli Məclisin deputatı Azər Allahverənov Dəyirmi Masada çıxış edərək bildirib ki, mina və kasetli sursatlar təkcə humanitar deyil, həm də ölkənin iqtisadi inkişafını ləngidən ciddi amillərdəndir. Onun sözlərinə görə, Böyük Qayıdış prosesində mina və partlamamış sursatlar böyük çətinliklər yarada bilər:

“Yalnız minalar deyil, digər sursat növləri də tədqiq olunmalı, mina terrorunun iqtisadi təsirləri araşdırılmalıdır. Avropa İttifaqının Azərbaycana mina probleminin həlli üçün 23 milyon avro ayırması buna nümunədir. Əsas məsələ vurulan zərərin miqyasının dəqiq qiymətləndirilməsidir”.

Milli Məclisin deputatı Razi Nurullayev çıxışında kasetli bombalar və minaların yaratdığı təhlükələrə diqqət çəkərək onların dünya miqyasında qadağan edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu silahların istehsalı əsasən böyük dövlətlər tərəfindən həyata keçirilir və nəticədə minlərlə insan həyatını və sağlamlığını itirir:

“Azərbaycanın tanınmış kəşfiyyatçısı Səyyad Əhmədovun Ağdamın Mirəşelli kəndində mina partlayışı nəticəsində həlak olmasını faciəvi nümunə kimi göstərmək olar. Həmçinin minaların uzunmüddətli sosial-psixoloji təsirlərinə diqqət çəkmək lazımdır. Beynəlxalq hüquq çərçivəsində daha ciddi addımların atılması zəruridir”.
Pərvanə Fərhadqızı


Fotolar
Seçilən
13
4
azadmedia.az

5Mənbələr