AZ

Rus imperializmi üzərində zəfər və ya keçmişin qaranlığına qayıdışa “yox”

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Politoloq: “Rusiyanın adamları hakimiyyətə qayıtsa, Moldova ərazisindən Ukraynaya qarşı yeni bir cəbhə açıla bilərdi”

“Moldovada keçirilən parlament seçkilərində Prezident Maya Sandunun partiyası PAS 50% səs alaraq parlament çoxluğunu qorudu. PAS 101 millət vəkilindən ibarət parlamentdə 55 mandata sahib olacaq və yeni hökuməti təkbaşına formalaşdıracaq. Rusiyanın yaratdığı, keçmiş prezidentlər Voronin və Dodonun, eləcə də qaqauzların sabiq lideri İrina Vlahın rəhbərlik etdiyi sosialistlərin, kommunistlərin “Vətənpərvər” seçki bloku cəmi 24% səs toplayaraq Kremlin ona bağladığı ümidləri doğrultmadı. Bu nəticələr şübhəsiz ki, M.Sandunun aqressiv rus imperializmi üzərində zəfəridir”.

Bu fikirləri politoloq Şahin Cəfərli Moldovada dünən keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib. Analitik Sandunu nəzərdə tutaraq qeyd edib ki, “bu zərif və sadə qadın son illər, xüsusən, qonşu Ukraynada müharibə başladıqdan sonra Rusiyanın aramsız təzyiqlərinə, hibrid savaş taktikalarına sinə gərib, bütün təxribatları boşa çıxarmağı bacara bildi”.

“Nədən ibarət idi bu təzyiqlər və təxribatlar? Enerji şantajı, ənənəvi Dnestr və qaqauz separatizmi, sosial-iqtisadi çətinliklər bəhanə edilərək davamlı etiraz aksiyalarının təşkili və ölkədə xaos yaratma cəhdləri, bank oğrusu (məşhur 1 milyard dollarlıq oğurluğun müəllifi), iş adamı, İsrail tərəfindən də himayə olunan mühacir siyasətçi İlon Şor vasitəsilə seçicilərin pulla ələ alınması üçün şəbəkələr qurulması, Serbiyada təlim görmüş təxribatçı dəstələrin Moldovaya göndərilməsi və s. Avropa liderləri də başları daşdan-daşa dəydikdən sonra nəhayət ki, kreslolarından qalxıb real iş görməyə özlərində güc taparaq Sanduya dəstək verdilər. Çünki Moldova məsələsi artıq Avropanın təhlükəsizliyinə təsir edən bir faktora çevrilmişdi. Rusiyanın adamları hakimiyyətə qayıtsa, Moldova ərazisindən Ukraynaya qarşı - özü də strateji əhəmiyyəti misilsiz olan Odessa istiqamətində - yeni bir cəbhə açıla bilərdi”, - deyə analitik qeyd edib.

Ş.Cəfərli xatırladıb ki, seçki ərəfəsində iki dəfə Moldovaya səfər edən Avropa Birliyi rəhbərliyi, Fransa və Almaniya liderləri Moldovanın Avropa Birliyinə qəbul olunacağına dair aydın və birmənalı mesaj verdilər: “Əhali də gördü ki, Sandunun onlara təqdim etdiyi Avropa vizyonu illüzor bir perspektiv yox, gerçəklikdir. Nəticədə xalq ölkəni keçmişin qaranlığına qaytarmaq istəyənlərə yox, işıqlı gələcəyə aparmaq vədi verənlərə dəstək oldu. Şübhəsiz ki, burada Moldova diasporasının rolunu ayrıca qeyd etmək lazımdır. Avropada yaşayan və çalışan moldovalılar növbəti dəfə ölkələrinə sahib çıxaraq seçkinin nəticəsinə ciddi təsir göstərdilər. Diasporanın səsləri olmasaydı, PAS ölkə içərisində 1-ci olsa belə, parlamentdə çoxluq yarada bilməyəcəkdi”.

“Yeni dönəmdə Sandunun prioritet vəzifələri dövlət quruculuğunu və AB-yə inteqrasiyanı uğurla başa çatdırmaq (Sandudan əvvəl Moldova dövlətçiliyi sadəcə kağız üzərində idi), ölkənin enerji müstəqilliyini tam təmin etmək, yoxsulluğu aradan qaldırmaq, Dnestr və qaqauz separatizmini bitirməyə çalışmaq olacaq”, Cəfərli fikrini tamamlayıb.

Qeyd edək ki, sentyabrın 28-də keçirilmiş parlament seçkilərində Moldova Prezidenti Maya Sandunun Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası (PAS) qalib gəlib. Ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səslərin 99,6%-ni emal edilib. Nəticəyə əsasən, PAS 50,05% səs toplayıb. Bu, partiyaya parlamentdəki 101 yerdən ən azı 54 mandatı təmin edir. Beləliklə, partiya parlamentdəki mütləq çoxluğu qoruyub saxlayacaq. Digər Avropayönlü siyasi təşkilat, “Alternativ” blok isə 7,99% səs toplayıb və səkkiz mandat qazanacağını gözlənilir.

Moldovanın keçmiş Prezidenti İqor Dodonun rəhbərlik etdiyi Rusiyayönlü “Vətənpərvərlər” bloku təxminən 24,25% səs toplayaraq parlamentdə 27 yer qazanıb. Vasile Kostyukun “Evdə Demokratiya” (5,63%) və Renato Usatinin “Bizim Partiya” (6,21%) partiyaları da namizədliyini irəli sürüb. Hər ikisi səkkiz yer qazana bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
3
ayna.az

5Mənbələr