AZ

İran televiziyası Finlandiya XİN rəhbərinin ayaqlarını “blur” etdi – Helsinkidə rezonans – ÖZƏL

Olaylar.az xəbər verir ki, BMT Baş Assambleyasının kuluarlarında Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilib. Lakin görüşün kadrları İranın dövlət televiziyası IRIB-də yayımlanarkən Valtonenin ayaqları "blur" edilib. Səbəb isə nazirin standart işgüzar yubka geyinməsi olub.

Məlumatlara görə, efirdə İran nümayəndə heyəti ilə görüşən digər qadınların da bədən hissələri eyni qaydada gizlədilib.

Hadisə Finlandiyada geniş rezonans doğurub. Elina Valtonen sosial şəbəkələrdə yayılan reaksiyalara münasibət bildirərək, bunun İranda qadınların statusunun acı göstəricisi olduğunu vurğulayıb:
"Geyimimi kiminlə görüşməyimdən asılı olaraq dəyişmirəm. Mən saçımı və ya üzümü örtməyi tələb edən görüşlərə də qatılmıram," - deyə o, Helsingin Sanomat-a açıqlamasında bildirib.

Məsələyə Finlandiyanın daxili işlər naziri, "Həqiqi finnlər" partiyasının lideri Riikka Purra da münasibət bildirib:
"Elina Valtonen haqlıdır. Finlandiya qadın naziri öz prinsiplərini pozmamalıdır. Əgər haradasa qadından başını və ya üzünü örtmək tələb olunursa, ora ümumiyyətlə getməyə ehtiyac yoxdur."

Hadisə həm siyasətçilər, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən Valtonenə dəstək mesajları ilə qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr