İşçilərin məzuniyyət hüququ həmişə aktuallığını saxlayır. Çünki işçiləri əmək prosesində ən çox maraqlandıran məsələlərdən biri də məzuniyyət, onun müddəti, istifadə hüququdur. Əmək Məcəlləsinə görə, işçilərin hər il minimum müddətdən (21 gün) az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə sosial, ödənişsiz, təhsil məzuniyyətindən istifadə etmək hüququ var.
Bəs çoxuşaqlı analar üçün əlavə məzuniyyət günləri verilməsi və qısaldılmış iş saatları mümkündürmü?
Ölkə.Az xəbər verir ki, mövzu ilə yəlaqədar sualları cavablandıran hüquqşünas Yeganə Mehdiyeva Bizim.Media-ya bildirdi ki, ümumiyyətlə Analıq Məzuniyyəti (dekret) qaydaları bütün analar üçün eynidir. Normal doğuş 126 gün (70 gün doğuşdan əvvəl, 56 gün doğuşdan sonra), ağır doğuş 146 və ya 180 günə qədər uzana bilər. Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən ana uşağın 3 yaşına qədər ödənişsiz əmək məzuniyyəti götürə bilər.
Bu müddət ərzində ana işdən azad edilə bilməz və onun iş yeri qorunur.
Bundan başqa isə çoxuşaqlı analar üçün iş yerində müəyyən güzəştlər nəzərdə tutulub. Belə analar qısaldılmış iş vaxtı hüququndan istifadə edə bilərlər. 14 yaşına çatmamış çox uşağı olan analara və ya əlil uşağa qulluq edən qadınlara iş vaxtını qısaltmaq, yaxud da əlavə güzəştli iş rejimi təklif edilə bilər.
“Məzuniyyətə gəlincə isə Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən 14 yaşına çatmamış 3 və daha çox uşağı olan qadınlara, həmçinin əlil uşağa qulluq edən analara əmək məzuniyyətinə çıxarkən 2 gün əlavə istirahət verilir. Hətta 1,5 yaşına qədər uşaq üçün gündəlik 30 dəqiqə südvermə fasilələri də ayrılır. Sadəcə analar hüquqlarını bilib belə hallarda rəsmi şəkildə işəgötürənə müraciət ettməlidirlər”.