AZ

"White Hill Capital" Azərbaycanda iki kateqoriya startapı maliyyələşdirəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"White Hill Capital" vençur fondu Azərbaycanda iki kateqoriya startapları maliyyələşdirəcək.
Oxu.Az xəbər verir ki, bunu "White Hill Capital" vençur fondunun idarəedici ortağı Aslan Sultanov Bakıda keçirilən "INMerge 2025" innovasiya sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "White Hill Capital" Mərkəzi Asiyadan olan startapların Yaxın Şərq və Şimali Afrika regionuna genişləndirilməsində ixtisaslaşan 50 milyon ABŞ dollarlıq Mərkəzi Asiya fondudur:
"Bu gün biz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birgə investisiya vasitəsi yaratma layihəsini tamamladıq. İRİA müəyyən məbləğdə pul yatıracaq. Biz hər bir dollara iki dollar əlavə edərək, bu vasitə ilə iki kateqoriya startapı maliyyələşdirəcəyik".
A.Sultanov qeyd edib ki, birincisi, əsasən Azərbaycan əsaslı startaplardır:
"Onlar ilk öncə Mərkəzi Asiyaya, daha sonra BƏƏ, Qətər və digər ölkələrə genişlənmək istəyirlər. İkincisi isə Azərbaycan bazarına daxil olmaq, şirkət qurmaq, insanları işə götürmək və vergi ödəmək istəyən hər hansı şirkətlərin maliyyələşdirilməsidir. Biz inanırıq ki, bu vasitə ilə genişlənmək istəyən Azərbaycan startapları üçün uğurlu yol xəritəsi yarada biləcəyik".
A.Sultanov deyib ki, doğma bazarlardan tez çıxan şirkətlər kapitalizasiya artımı baxımından üstünlük qazanırlar:
"Biz də bunu etməyi planlaşdırırıq. Beləliklə, biz layihələr axtaracağıq, onları nəzərdən keçirəcəyik və ümid edirik ki, investisiya qoyacağıq. Hətta bu gün biz artıq iki şirkətə - "Clopos" və "Receptor"a investisiya qoymağı elan etdik. Hər birinə əsasən 150 min ABŞ dolları veriləcək. Biz onlara Azərbaycandan kənara genişlənməkdə, Dubayda həyata keçirdiyimiz akselerasiya proqramına daxil olmaqda kömək edəcəyik".
Qeyd edək ki, sammit çərçivəsində İRİA ilə "White Hill Capital" arasında Azərbaycanda yeni vençur maliyyələşmə şirkətinin təsis olunmasına dair Təsis Müqaviləsi imzalanıb. "White Hill Capital" 2021-ci ildə Qazaxıstanda təsis edilmiş regional vençur fondudur və əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir.
Seçilən
30
6
oxu.az

7Mənbələr