AZ

AMİP-in XIII Qurultayı keçirildi – Arzuxan Əlizadə yenidən sədr seçildi

Musavat.com xəbər verir ki, sentyabrın 28-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) XIII Qurultayı keçirilib. “Qafqaz” Biznes Mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə ölkənin 61 rayon və şəhər təşkilatından seçilmiş nümayəndələr iştirak ediblər. Qurultay Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin yad edilməsi ilə öz işinə başlayıb.

Qurultayı AMİP sədri Arzuxan Əlizadə açıq elan edib. Nümayəndələrin qərarı ilə Rəşad Bayramov Qurultayın sədri, Elşən Mustafayev sədr müavini, Məmmədəli Səfərov və Nuranə Səlimova isə katiblər seçiliblər. Tədbirdə partiyanın qurucu lideri Etibar Məmmədovun Qurultay iştirakçılarına ünvanladığı təbrik və tövsiyələr oxunub. Ardınca partiyanın rəhbər şəxsləri tərəfindən hesabat çıxışları təqdim olunub. AMİP sədri, millət vəkili Arzuxan Əlizadə, Ali Məclisin sədri Rəşad Bayramov və Mərkəzi İntizam Komissiyasının sədri Maarif Abbasov partiyanın fəaliyyəti barədə məruzə ilə çıxış ediblər. Hesabatlar ətrafında aparılan müzakirələrdən sonra müvafiq strukturların fəaliyyəti qənaətbəxş hesab olunub.

Qurultay çərçivəsində partiya sədrliyinə, Siyasi Şura və Ali Məclis üzvlüyünə, eləcə də Mərkəzi İntizam Komissiyasına seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Arzuxan Əlizadə yekdilliklə yenidən Azərbaycan Milli İstiqlal Partiyasının sədri seçilib. Digər seçkili orqanların da yeni tərkibi formalaşdırılıb.

Tədbirdə ölkədəki mövcud siyasi və sosial-iqtisadi vəziyyət geniş şəkildə müzakirə olunub. Yerli özünüidarəetmə və xarici siyasət məsələlərini də əhatə edən təkliflər toplusunu özündə birləşdirən Qətnamə qəbul edilib. Qurultayda partiyanın ötən dövrdəki fəaliyyəti ətraflı təhlil olunub, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Qurultay nümayəndələri Arzuxan Əlizadənin rəhbərliyi altında partiyanın fəaliyyətinin bundan sonra daha da güclənəcəyinə əminlik ifadə ediblər. Eyni zamanda, bir sıra təşkilati məsələlər müzakirə olunub, partiya strukturlarında dəyişikliklər edilib və yeni seçilən rəhbər heyətə uğurlar arzulanıb.

Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı yüksək siyasi əhval-ruhiyyə və həmrəylik şəraitində öz işini yekunlaşdırıb.

Musavat.com

Seçilən
36
3
musavat.com

2Mənbələr