Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru akademik Akif Əlizadənin rəhbərliyi ilə Elmi şuranın növbəti iclası keçirilib.
Hafta.az xəbər verir ki, İnstitutdan bildirilib ki, akademik Akif Əlizadə təsdiq edilən gündəliyə uyğun olaraq “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsinə dair Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasının gedişatına dair məlumatı təqdim edib. Müzakirələrin nəticəsi olaraq qərara alınıb ki, ilin sonuna kimi GGİ Gənc Alim və Mütəxəssislər Şurasının fəallığı ilə AMEA-nın 80 illiyi münasibətilə tədbirlər planı əsasında respublika konfransına hazırlığa başlanılsın.
UNESCO-nun Dünya İrsi çərçivəsində Azərbaycanda geoparkların yaradılması ilə bağlı görülən işlər haqqında məlumat verən AMEA-nın müxbir üzvü Tələt Kəngərli bildirib ki, GGİ artıq bir neçə ildir bu istiqamətdə işləyir. Geoparkın yaradılmasına və effektli işləməsinə aid tədbirlər planı da hazırlanıb və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edilib.
Sonra Elmi şuranın gündəliyinə uyğun olaraq Geologiya və Geofizika İnstitutunun doktoranturasına 2025-ci il üzrə qəbul haqqında məlumat təqdim edilib.
Daha sonra elmi əsərlərin müzakirəsi keçirilib və akademik Əkpər Feyzullayevin “Gil və gilli süxurların geologiyası” dərs vəsaiti, Əvəz Salamov və Aynur Zamanovanın “Sürüşmə proseslərinin geofiziki üsullarla öyrənilməsi” elmi əsəri çapa tövsiyə edilib.