AZ

İnsanların 6 sot torpağına göz tikən Xruşov - rahat yaşamaq ümidi ilə sovrulan illər

Bağ evi anlayışı hələ çar Rusiyası dövründən məlumdur. Həmin zamanlarda bağlar hər hansı bir varlı aristokratın mülkü olub və sahənin ölçüsü bir neçə hektara çata bilib. Belə bir əraziyə adətən iki və ya üç mərtəbəli malikanə, qulluqçular otağı, tövlələr və ağaların rahat əyləncəsi üçün lazım olan hər şey daxil olub. Sovet hakimiyyəti isə çox şeyi dəyişib. Böyük bağların əksəriyyəti müsadirə olunaraq dövlətə verilib, digərləri isə nomenklatura ilə əlaqə yolu ilə əldə edilib. Sovet ideologiyasına görə, vətəndaşlardan ölkənin rifahı naminə vicdanla çalışmaq, dövlətin isə onlara lazım olan hər şeyi təmin etməsi gözlənilib.

dac-1.jpeg

Praktikada bu ümumiyyətlə olmayıb. İnfrastrukturun çoxunun məhv edildiyi və kənd təsərrüfatının tənəzzülə uğradığı müharibədən sonrakı illər aclıq ilə yadda qalıb. Xüsusilə 1946-1947-ci illər çətin olub. Vətəndaşların minimum kapital qoyuluşu ilə kifayət qədər qida ilə təmin edilməsi üçün hökumət hər ailəyə kiçik bir torpaq sahəsi ayırmağa qərar verib. 1949-cu il fevralın 24-də böhranı aradan qaldırmaq üçün digər tədbirlərlə yanaşı, “SSRİ Nazirlər Sovetinin “Fəhlə və qulluqçuların kollektiv və fərdi tərəvəzçilik və bağçılıq təsərrüfatı haqqında” qərarı” adlı sənəd işıq üzü görüb. Bildirilib ki, bağların salınması üçün mövcud olan hər hansı torpaq sahəsi vətəndaşlara paylanmalıdır.

Niyə məhz 6 sot?

6 sot və ya 0,06 hektar 20 ilə 30 və ya 15 ilə 40 metr olan torpaq sahəsidir. Partiyanın tapşırığı ilə iqtisadçılar və aqronomlar hesablayıblar ki, məhz bu miqyasda ərazidə orta ailə üçün kifayət qədər, lakin çox olmayan miqdarda kənd təsərrüfatı məhsulu becərmək mümkündür. 18 mart 1966-cı ildə torpaq sahələrinin ölçüləri rəsmən təsdiq edilib.

dac-5.jpeg


Adi şəhər sakinlərinə 6 sot torpaq ayrılıb. Uzaq Şərqdə və ya Sibirdə yaşayanlar (burada daha sərt iqlim şəraitinə görə məhsul ənənəvi olaraq daha azdır) səkkiz yüz kvadratmetr, əsas işçilər, II dünya müharibəsi veteranları və müharibədə həlak olanların ailələri isə tam 12 sot ərazi alıblar. Bəs insanlarda “əlavə” meyvə-tərəvəzlərin olması niyə hakimiyyət orqanlarına sərf etməyib? O vaxt sovet vətəndaşlarının əksəriyyəti çətinliklə dolanıb. Hakimiyyət belə qərara gəlib ki, əgər vətəndaşın heç olmasa nəzəri cəhətdən satıla biləcək hər hansı bir şeyi varsa, dərhal həyatını yaxşılaşdırmaq üçün istifadə edəcək. Bu, vətəndaşlar arasında guya şəxsi mülkiyyət hissi yarada və yaya bilər. Nəticədə kommunist ideologiyası əhəmiyyətini itirər.

Hökumətin əsl məqsədi insanların aclığının qarşısını almaq və başlarını qatmaq olub. Çünki iclaslarda pafosla ittifaqın gələcəyi ilə bağlı danışılan sözlər 6 sotun içində əkilən badımcan qədər qara yalan olub.

dac-3.jpeg

SSRİ-nin yaranışında qanla əldə edilən saraylarda ancaq vəzifəli şəxslər qalıb. Şəxsiyyət vəsiqəsi olmayan kəndçilərin belə rahat yaşamaq ümidi illərlə ya sürgünlə, ya 6 sot torpaqla, ya 50 kv.m-lik mənzillə, ya da ideologiya ilə beyinə yeridilən sözlərlə puç olub. Hər dəyişən nəsilə verilən yeni vədlər söz yığını olub. İttifaqdakı insanların həyatı və yaşayış şəraiti yalnız onların özünün əməyi hesabına əldə edilib. Özü də Moskva 1 verəndə 5 alıb.

Digər tərəfdən, hamı daimi istifadə üçün torpaq sahələri ala bilməyib. Torpaq yalnız müəssisədə beş il işləyənlərə verilib. Vətəndaş işdən çıxıb köçübsə, pul kompensasiyası müqabilində torpaq sahəsi götürülüb. İlk üç il ərzində torpaq sahəsi yaxşılaşdırılmalı olub. Aydın məsələdir ki, SSRİ-də təyinatlar tez-tez dəyişib. Odur ki, insanların əraziyə uyğunlaşması və rahat yaşaması da SSRİ rəhbərliyinin siyasi portfelində yer almayıb. Bir insanın yeni köçdüyü əraziyə uyğunlaşması və ətrafa öyrəşməsi xeyli vaxt alıb. Nəticədə kommunist vətəndaş bir yerə uyğunlaşana kimi yeni təyinatla bağlı məktub gəlib.

dac-2.jpeg

Həm də dövlət əhalini təsərrüfatla məşğul olmağa çalışmaqla təkcə xalqın qidalanması məsələsini həll etməyib. Vətəndaşların indi yeni qayğıları yaranıb: torpağı becərmək, məhsulu maksimum dərəcədə artırmaq üçün sahəni planlaşdırmaq, məhsulu vaxtında yığıb becərmək. Bağçılıqla məşğul olarkən orta statistik vətəndaşın qəzet oxumağa, siyasət müzakirə etməyə, hökumətdən və ümumiyyətlə həyatdan narazılığını ifadə etməyə vaxtı olmayıb.

dac-4.jpeg

Hökumət artıq illər sonra yarasız torpağı da kənara atmaq istəməyib. 16 dekabr 1955-ci il tarixli fərmanla vətəndaşlara öz bağçalarında təvazökar yaşamağa imkan verən kotteclər tikməyə icazə verilib. Cəmi bir neçə il keçib və Xruşovun kütləvi quraqlıqla üst-üstə düşən “qarğıdalı” siyasəti nəticəsində ölkə növbəti dəfə müharibədən sonrakı dövrlə müqayisə oluna biləcək aclıq perspektivi ilə şib. Bütün mövcud torpaqlar şumlanmış qarğıdalı vəd olunan məhsulu verə bilməyib və kifayət qədər buğda almaq problem yaradıb. Hakimiyyət yeganə mövcud variantı verdiyi torpağı geri götürməkdə görüb: istisnasız olaraq hamının 6 sotluq torpaq sahəsi əlindən alınıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Seçilən
3
musavat.com

1Mənbələr