Bu hadisəyə Qarabağ münaqişəsinin yekunlaşması fonunda da qiymət vermək olar. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Prezident İlham Əliyevin dünyaya ünvanladığı mesajlar artıq qalib dövlətin rəhbərinin çıxışı kimi tarixə düşür.
Bundan əlavə, Azərbaycan liderinin sessiyadakı çıxışında yeni regional reallıqların təsdiqi öz əksini tapmışdır. Azərbaycanın dövlət başçısı ilk dəfə olaraq beynəlxalq müstəvidə regionda separatizmin tam aradan qaldırıldığını, sülh və əməkdaşlıq üçün yeni şəraitin yarandığını bəyan etdi. Bu, tarixi dönüş nöqtəsi kimi qəbul edilir.
Prezident İlham Əliyevin sessiyada iştirakı və çıxışının böyük maraqla qarşılanması ölkənin qlobal arenada söz sahibinə çevrildiyini göstərir ki, bu da Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinin bariz göstəricisi kimi səfərin mühüm siyasi əhəmiyyətə malik olması qənaətini yaradır. Çıxışın tezisləri əsasən Zəfər tarixi, beynəlxalq əlaqələrin yeniləşən formatı və sülh təşəbbüsləri kimi üç əsas istiqamət üzrə formalaşır.
Bu müddəalar qlobal güclərlə münasibətləri əhatə edir ki, burada ABŞ, Rusiya, Çin, Avropa İttifaqı kimi aktorlarla əlaqələrin balanslaşdırılması, eləcə də ABŞ administrasiyası ilə keçirilən görüşlər Azərbaycanın çoxşaxəli xarici siyasət xəttini nümayiş etdirir".