AZ

Bakı–Berlin Yol Xəritəsi çərçivəsində iqlim maliyyəsi artırılacaq

Hazırda Azərbaycan Berlinlə birlikdə Bakı–Berlin Yol Xəritəsini hazırlayır ki, bütün mənbələrdən illik 1,3 trilyon dollar səviyyəsinə qədər maliyyə təmin olunsun.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.

O qeyd edib ki, bir il əvvəl Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşırdı və dünya diqqətini ölkəyə yönəltmişdi. “COP29-a ev sahibliyi etmək bizim üçün kiçik, lakin iddialı bir ölkə kimi çox mühüm idi. Bu, hər bir dövlətin liderlik edə və nəticə göstərə biləcəyini sübut etmək imkanı idi,” – deyə M.Babayev vurğulayıb.

COP29-da əldə olunan tarixi nəticələrə toxunan M.Babayev bildirib:

  • Karbon bazarları üzrə təxirə salınan danışıqlar başa çatdırılıb, bu isə inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinə trilyonlarla dollar sərmayə yönəldəcək.
  • Azərbaycan bank sektoru 1,2 milyard ABŞ dolları həcmində “yaşıl layihələr” həyata keçirib.
  • Asiya İnkişaf Bankı buzlaqların əriməsi ilə mübarizə üçün 3,5 milyard dollar ayırıb.
  • Beynəlxalq maliyyə institutları 2030-cu ilə qədər ildə 170 milyard dollar ayırmağı öhdəsinə götürüb.
  • Qlobal aktiv menecerlər (10 trilyon dollardan artıq vəsait idarə edənlər) Azərbaycan təşəbbüslərinə qoşulub.

Əsas nailiyyətlərdən biri Bakıda donor ölkələrin 2035-ci ildən etibarən illik ən azı 300 milyard dollar iqlim maliyyəsi səfərbər etməsi öhdəliyinin qəbul olunmasıdır.

M.Babayev qeyd edib ki, COP29-un sədrliyi hələ də aktivdir və ölkələri Bakıda verdikləri sözlərə görə məsuliyyətə cəlb edirlər. Yeni tərəfdaşlıqlar üzərində iş aparılır və 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhər Forumuna hazırlıq gedir.

M.Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin liderliyi, dövlət qurumlarının və biznes nümayəndələrinin birgə fəaliyyəti, həmçinin minlərlə könüllünün dəstəyi bu uğurun ayrılmaz hissəsidir.

“Biz göstərdik ki, bir millət ortaq məqsəd ətrafında birləşəndə hər şeyə nail ola bilər. Sübut etdik ki, ölkələr razılaşa bilər, çoxtərəfli sistem işləyə bilər və Azərbaycan qlobal səhnədə öz sözünü deyə bilər,” – deyə M. Babayev bildirib.

M.Babayev həmçinin qeyd edib ki, bu Yol Xəritəsi çərçivəsində maliyyənin artırılması, yeni tərəfdaşlıqların qurulması və iqlim təşəbbüslərinin davam etdirilməsi prioritet olacaq.

Seçilən
37
fins.az

1Mənbələr