AZ

Yeddi uşağın ölüm işi: Perinatal Mərkəz inzibati fəaliyyət göstərir - MƏHKƏMƏ

BAKI, 29 sentyabr. TELEQRAF

Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə şahid qismində Dilarə Şirinova ifadə verib.

O bildirib ki, Respublika Perinatal Mərkəzində 2001-ci ildən işləyib. Onun sözlərinə görə, 2023-cü ildən mərkəzin direktorunun müalicə işləri üzrə müavini olub, həmçinin baş həkimin vəzifəsini icra edib: "Yanöın baş verən zaman evdə olmuşam. Mehriban xanım zəng etdi, yanğınla bağlı xəbər verdi. Mən də təcili ora gəldim. Mən ora gələndə artıq Mehriban xanım orada idi. Mən mərkəzin direktor müavini vəzifəsinə 2023-cü ilin mayında təyin olunmuşam. Mən inzibati məsələlərlə baxmırdım. Həmin vəzifəyə nəzarət başqası idi. Ona görə də texniki məsələlərlə mənim nəzarətim olmayıb".

Dilarə Şirinovanın sözlərinə görə, 2021-ci ildə Perinatal Mərkəz icbari sığortaya keçdiyi üçün bir sıra struktur dəyişiklikləri olub: "Mərkəzin direktor müavinləri yaradıldı, bölmələr yaradıldı, şöbələr birləşdirildi. Bununla bağlı mərkəzdə iclas oldu. İclasda dəyişikliklər elan olundu. Həmin vaxt Mehriban xanım direktor deyildi. Həmin vəzifəni Məryəm xanım icra edirdi".

Dilarə Şirinova qeyd edib ki, Perinatal Mərkəzdə əvvələr də yanğın baş verib. Onun sözlərinə görə, həmin dövrdə mərkəzin 3-cü mərtəbəsinin sanitar qovşağında yanğın qeydə alınıb, yanğın dərhal məhdudlaşdırılıb.

Şahid deyib ki, mərkəzini 4-cü mərtəbəsində yeni doğulmuş uşaqların saxlanılması üçün nəzərdə tutulub: "Şöbə dörd otaqdan ibarət olsa da, iki otağı xidmət göstərirdi. Çünki hər gün iki tibb bacısı şöbə də olurdu. Amma sonradan dörd otaqdan xəstələr yerləşdirildi. Amma tibb bacısı sayı artması, çatışmazlıq yarandı. Şöbədə elektik uzadıcılarından da istifadə edilirdi. Elektirik yuvalarında nasazlıqların olmasından xəbərim olmayıb. Bu məsələlərə Elnur Əhmədli nəzarət edib".

Dövlət ittihamçısı suallarını cavablandıran şahid qeyd edib ki, o, mərkəzə gələn zaman artıq yanğın söndürülmüşdü: "Hər yerin yandığını gördüm. Mehriban xanım da orada idi. Təhlükəsizlik qaydalarını Elnur müəllim nəzarət edib".

Daha sonra şahid qeyd edib ki, son vaxtlar xəstələrin sayı artıb: "Amma texniki avadanlıqlar buna imkan vermirdi. Say çox olanda xəstələrin qəbulunun dayandırılması istəyirdim. Mehriban xanım direktor təyin olunandan sonra xəstələrin sayı artıb. Biz ona müraciət edirdik, omda deyirdi ki, hamilə xəstəni qəbul edin. Mehriban xanım həmişə kameralara nəzarət edib. Əvvəllər iki otaq idi, sonra isə dörd otaq oldu. Bu da xəstələrin sayının artması ilə bağlı olub. Mehriban xanım həmişə iclaslarda deyir ki, xəstə saylarının artırmaq lazımdır. Belə olanda işçilərin əməkhaqlarına da təsir edirdi. Çünki mərkəzin direktorundan tutulmuş sanitar qovşaq da işləyən şəxsə qədər əmək haqlarının maaşına təsir edirdi. Mehriban xanım deyir ki, xəstələrin sayının artırmaqla mərkəzin nüfuzunu artırmaq istəyirdi. Mehriban xanım iclaslarda deyirdi ki, kimin qohumunda xəstə varsa, mərkəzə gətirilsin".

Şahid qeyd edib ki, xəstələrin sayı artan zaman işçilərin iş yükü artırıb: "Bununla bağlı dəfələrlə tibb bacısı götürmək barədə təkliflər edilib. İşin ağırlığı ilə bağlı tibb bacılarının könüllü işdən getməsi barədə Mehriban xanım təklif etməsindən xəbərim olmayıb".

Dilarə Şirinova hazırda mərkəzin direktoru vəzifəsinini icra edir. Onun sözlərinə görə, mərkəzin il yarımdır fəaliyyət göstərməməsinin səbəbini bilmir. O deyib ki, bunun səbəbini TƏBİB-dən soruşmaq lazımdır. Onun sözlərinə görə, hazırda mərkəz inzibati fəaliyyət göstərir., amma xəstə qəbul etmirlər.
Növbəti proses oktyabrın 8-də davam edəcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Seçilən
3
5
teleqraf.com

6Mənbələr