BAKI, 29 sentyabr. TELEQRAF
Bakıda keçirilən COP29 tədbiri zamanı verilən vədlər insanların və icmaların gündəlik həyatında görünən və hiss edilən nəticələrə çevrilməlidir. Bu isə milli iqlim planlarının investisiya yönümlü layihələrə çevrilməsi, dövlət və özəl maliyyəni cəlb edə biləcək layihə portfellərinin hazırlanması, siyasət çərçivələri ilə biznes strategiyalarının ardıcıl və proqnozlaşdırıla bilən şəkildə eyni istiqamətə yönəlməsini tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.
O qeyd edib ki, bu uyğunluq əldə olunduqda iqlim fəaliyyətinin miqyası böyüyür:
“Özəl sektor bu prosesin mərkəzindədir. Bizneslər ambisiyalarını yalnız hədəflər müəyyən etməklə deyil, həm də real investisiya qoymaqla göstərməlidirlər. Bu addımlar təmiz texnologiyalar üçün bazar yaradır, təklif və tələbi gücləndirir, hökumətlərə isə öz hədəflərini daha da yüksəltmək üçün güvən verir. Bunun üçün iki əsas amil önə çıxır: birincisi, milli prioritetlərlə biznes reallıqlarını uzlaşdıran layihə portfellərinin hazırlanması, ikincisi isə dövlət və özəl maliyyəni birləşdirən, sahibkarların və innovatorların yaradıcılığından faydalanan tərəfdaşlıqların qurulması. Bu yanaşma həm emissiyaların azaldılması, həm də adaptasiya üçün vacibdir. Çünki heç bir şirkət dağılmaqda olan planetdə inkişaf edə bilməz.
Adaptasiya bizneslərin dayanıqlığını, sabitliyini və rifahını qoruyur. Təchizat zəncirlərindəki kəsintilərdən tutmuş ekstremal hava hadisələrinə qədər risklər aydındır. Lakin imkanlar da mövcuddur, çünki adaptasiya iqtisadi artımı və sabitliyi təmin edir”.
Saymon Stil bildirib ki, ambisiya ilə icra arasındakı boşluğun doldurulması prosesi artıq başlayıb:
“Lakin bu, etimad və əməkdaşlıq tələb edir. Hökumətlər şəffaf və proqnozlaşdırıla bilən siyasət mühiti yaratmalı, sərmayəni risklərdən qoruyaraq uzunmüddətli qərarları təşviq etməlidirlər. Özəl sektor isə yalnız kapital deyil, həm də məlumat, texnologiya və bilik təqdim etməklə həlləri sürətləndirməlidir.
Bakı İqlim Həftəsinin məqsədi də məhz budur – vədlərdən konkret layihələrə, ambisiyadan əməli addımlara keçidi təmin etmək. Burada iqlim fəaliyyətinin xərclər deyil, güclü iqtisadiyyatlara, dayanıqlı cəmiyyətlərə və daha təhlükəsiz dünyaya aparan yol olduğu göstərilir. Bakıda yaradılan dinamika indi Berlində davam etdirilməlidir. İndi vaxtdır – öhdəlikləri real nəticələrə çevirmək üçün layihələr, tərəfdaşlıqlar və siyasətlər qurmaq”.