AZ

Müstəqil universitet modeli iflasa uğrayır - Professor

Son illərdə Böyük Britaniya ali təhsil sistemi maliyyə sabitliyi baxımından ciddi sınaqlarla üz-üzə qalıb. Üç il ardıcıl olaraq davam edən böhran fonunda universitetlərin təxminən 40%-i gəlirlərinin azaldığını açıqlayıb. Problemin kökündə iki əsas amil dayanır: Xarici tələbələrin sayının immiqrasiya və viza siyasətində sərtləşmə nəticəsində azalması və yerli tələbələrin ödədiyi təhsil haqqının inflyasiya səbəbilə real dəyərinin enməsi.

Bu sözləri AzEdu.az-a  iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

O, bildirib ki, bu şəraitdə ali məktəblər müxtəlif qənaət və idarəetmə üsullarına əl atırlar:

"İnfrastruktur xərclərinin azaldılması, bəzi proqramların bağlanması, kütləvi ixtisarlar (təxminən 5000 nəfər) və daha çox tələbə cəlb edilməsidir.Lakin bu tədbirlər böhranın miqyasını azaltmaq üçün kifayət etmir.

Maliyyə davamlılığını gücləndirmək üçün atılan strateji addımlardan biri 2026-cı ildən qüvvəyə minəcək Kent və Qrinviç universitetlərinin birləşməsidir. Yeni qurum “London və Cənub-Şərq Universitetləri Qrupu” adı altında fəaliyyət göstərəcək. Burada 28 min tələbə təhsil alacaq, rəhbərlik vahid rektorun əlində cəmləşəcək. Eyni zamanda hər iki universitetin adı, brendi və diplom sistemi saxlanılacaq. Bu, ali təhsildə “yumşaq inteqrasiya” modeli kimi qiymətləndirilə bilər.

Böyük Britaniya Təhsil Nazirliyi və Ali Təhsil üzrə Tələbə İşləri İdarəsi bu təşəbbüsü müsbət qiymətləndirir və digər ali məktəbləri də oxşar addımlar atmağa çağırır. Qurum rəhbəri Edvard Pek hesab edir ki, uzunmüddətli maliyyə sabitliyini təmin etmək üçün universitetlər arasında yaxın tərəfdaşlıqlar və birləşmələr zəruri olacaq.

Bununla belə, həmkarlar ittifaqları və təhsil işçiləri ehtiyatlı mövqedədirlər. Pedaqoji İşçilər və Kolleclər Həmkarlar İttifaqının baş katibi Co Qreydi xəbərdarlıq edir ki, belə addımlar tələbə və işçilərdə qeyri-müəyyənlik yaradacaq. Onun fikrincə, hökumət struktur islahatlarını təşviq etməklə kifayətlənməməli, həm də ali təhsilin böhrandan çıxışı üçün vahid dövlət strategiyası təqdim etməlidir.

Maliyyə sabitliyinin möhkəmlənməsi, resursların birləşdirilməsi, tələbələr üçün imkanların genişlənməsi, idarəetmədə optimallaşdırma, institusional identikliyin zəifləməsi, iş yerlərinin ixtisarı, tələbələrdə və müəllim heyətində qeyri-müəyyənliyin artması və s.

Kent-Qrinviç nümunəsi Böyük Britaniyada ali təhsilin gələcək modelinin siqnalı ola bilər. Universitetlərin tamamilə müstəqil maliyyə aktoru kimi fəaliyyət göstərməsi çətinləşir və inteqrasiyaya məcbur edir".

Seçilən
9
azedu.az

1Mənbələr