AZ

Azərbaycanda bir ilkə imza atdılar

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Keçmiş siyasi məhbus, gənc fəal İlkin Rüstəmzadə və gənc rəssam Leyla Rəşidova bir ilkə imza atıb.

Gununsesi.info xəbər verir ki, İlkin Rüstəmzadənin qələmə aldığı əsəri Leula Rəşidova  rəsmdə təsvir edib.

İlkin Rüstəmzadənin bu əsərlə bağlı qeydlərini təqdim edirik:

Bugün nəhayət ki, aylarla davam edən zəhmətimizin meyvəsini gördük. Düşünürəm ki, ölkəmizin tarixinə düşəcək bir əsər yaratmışıq.

Dəyərli rəssam dostum Leyla Rəşidova ilə birlikdə aylarla işlədik, mən öz qələmimi və ruhumu bu rəsmə verdim, Leyla xanım fırçasını və ürəyini. Beləcə bu əsəri ortaya çıxartdıq.

Bəli, düz eşitdiniz. Bu əsər co-workdür. Ortaq müəlliflik işidir. Əsəri xüsusi edən həm də ədəbiyyatla rəssamlığın ortaq işi olmasıdır. Bu, Azərbaycan sənət tarixində bir ilkdir.

Bu hansısa yazıçının əsəri əsasında çəkilən rəsm deyil. 0-dan birlikdə işləmişik. 0-dan əsər üçün ssenari və təsvir yazılıb, rəssam tərəfindən çəkilib.

Hekayə ancaq rəsmdədir, rəsmin içindədir. Ayrılıqda mövcud deyil.

Hekayəni mən yazmışam, Leyla xanım çəkib.

Əsərin ideyası – Qadın obrazında Azərbaycan/örpəkdə tariximiz mənə məxsusdur. Çünki, vətən, doğrudan da anaların çiyni üzərindədir.

Əsərdə tariximizin 17 ən vacib qırılma nöqtəsi olan hadisə təsvir edilib, çox sayda alleqorik işarələr var. Hadisələri mən seçmişəm, Leyla xanım öz sənət azadlığıyla, öz rəssam təxəyyülü ilə çəkib.

Həmin hadisələrin bəziləri, oradakı liderlərlə bağlı isə, rəsmən rejissor David Lynchin tərzində işlədik. Beyinləri yandıracaq, insanları günlərlə, hətta aylarla düşündürəcək şəkildə vermişik bəzi epizodları, xadimləri.

Rəsmdə çox sayda alleqoriya var. İşarələr, xətlər, siluetlər. İlk baxışda görünməyən həddən artıq çox detal işləmişik rəsmə.

Sonda Leyla xanım rəssam olaraq öz imzasını rəsmə atmaq üçün, qadının simasına öz simasını verib. Ki, mən də buna çox böyük sayğıyla yanaşdım. Əminəm ki, insanlarımız da hörmətlə yanaşacaqlar.

Qadının örpəyindəki qırılma və sol tərəfdəki tünd rənglər Cənubi Azərbaycanla ayrılığı təsvir edir. Ortadakı Araz çayıdır.

Örpəyin sol tərəfi Cənubi Azərbaycandır. Biz onun iç tərəfini, astarını görürük. Millidir. Çöldə isə qaranlıqdır.

Örpəyin sağ tərəfi isə bizim tariximizdir. Qırılma anlarımız. Bugünə qədər necə gəlib çıxmışıq, onun hekayəsidir.

Döyüşlər, məğlubiyyətlər, işğallar. Və qürur anlarımız. Bütövlükdə bizim hekayəmiz.

Bu arada, bundan sonra müntəzəm rəssamlarla ortaq işlərimiz olacaq. Lakin bu ilk işim olduğu üçün, bir az daha özənlə işlədik.

Bəlkə, öz işimiz olduğu üçün bir az eyforiyadayam, amma mənə elə gəlir ki, bu sadəcə kətan üzərinə çəkilmiş rəsm deyil.

Bu əsər, tarixi artefaktdır. Rəsmin adını “Başlanğıc” qoyduq. Azərbaycan hekayəsinin başlanğıcı.

Müasir Azərbaycan incəsənətində intibahın başlanğıcını hədəfləyirik, çünki.

Bu əsəri xalqımızın bəyənəcəyinə şübhə etmirəm, amma oradakı bütün detalları yalnız ən böyük zövq və estetika sahibləri dərk edəcəklər.

Və əminəm ki, böyük sənət zövqü olan insanlar bu əsərin ruhunu, tarixi yerini tutacaqlar. Onlar bilirlər ki, ortaya qoyduğumuz iş doğrudan da tarixi dəyərə sahibdir.

Beləliklə, xanımlar və cənablar: Fırça tuta bilməmək rəsm çəkməyə maneə deyil. Bugün bunu ortaya qoyduq.

Rəsm üçün, sənət üçün əsas olan şey nə fırça deyil nə də qələm, ruhdur, ruh!

Və biz bugün o ruhu ortaya qoyuruq. Bütün çılpaqlığıyla gördüyümüz işi nümayiş etdiririk.

Əsərdə süni intellekt, nə bilim hansısa dizayn elementi falan 0-dır! Tamamilə 0. Başımla cavabdehəm.

Bu, başdan sona qat-qat işlənmiş rəsm əsəridir. Əl işi, göz nurudur.

Kimsə bəyənməyə bilər. Hörmətlə yanaşırıq. Amma, mən Azərbaycanı belə görürəm. Bu obrazda. Leyla xanım da bu formada çəkib.

Və gizlətməyəcəm, belə bir əsər yaratmağın qürurunu yaşayırıq.

Və bir şey deyim, istəsəz gülə bilərsiz, amma öz içimdə bilirəm ki, rəssamlarla birlikdə ortaya çıxaracağımız işlər gələcək üçün çox böyük investisiya dəyəri olan vasitələrdir.

Şübhəsiz ki, böyük zəka sahibləri bunu da anlayacaqlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
icma.az

1Mənbələr