AZ

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Hər işdə bir xeyir var” deyirlər e, Mahir Emrelinin acı Almaniya təcrübəsi göstərir ki, bu məsəli “təftiş etmək” lazımdı. Öz aramızdı, heç də hər işdə xeyir yoxmuş! Adam krallar kimi, yəni 10 qolla başa vurduğu mövsümün ardından nə düşündüsə, yeni həyəcana yelkən açdı. Öz qərarı idi, yoxsa meneceri başını aldatdı, pul arxasınca getdi, yoxsa 1-ci bundesliqaya vəsiqə arxasınca – bütün bu suallar indi heç bir önəm daşımır. “Acı təcrübə” deyərkən mən onu nəzərdə tuturam ki, “Nürnberq”i “Kayzerslautern”ə dəyişən Mahir indi xoşbəxt deyil. Hətta bədbəxt olduğunu da deyərdim ki, hücumçunun istedadının vurğunlarının məni “topa tutacağından”, vətən xaini çıxaracağından çəkinirəm. Yeri gəlmişkən, elə bu ictimai rəy amilinə də qısaca toxunmaq istəyirəm. “Futbol+” Mahirlə bağlı xəbərlərin intensivliyini artıran kimi sosial şəbəkə hesablarımızda bizə yazırlar ki, axı siz bu adamdan nə istəyirsiz, nə veribsiz ki, ala bilməirsiz? Təbii ki, onunla nə alış-verişimiz var, nə də hansısa umacağımız! Biz Bakıdayıq, Mahir Kayzerslauterndə. Əlbəttə, məşqlərə qatıldığını, hətta qol vurduğunu da görürük. Amma “Kayzerslautern” iyunun sonunda üçillik müqavilə bağlayanda “oyunlarda yox, məşqlərdə qol vuracaqsan” şərti ilə anlaşmamışdı axı. Gəlirəm oxucuların tez-tez dilə gətirdiyi “Mahir Emrelidən nə istəyirsiz” sualının cavabına.Biz Mahirdən yalnız və yalnız qollar istəyirik, başqa heç nə. Biz ondan Budu Zivzivadzenin yolu ilə getməyi, yəni 2-ci bundesliqdan 1-ci bundesliqaya yollanmağı istəyirik, başqa heç nə. Biz ondan qarşıdakı iki ayda 4 seçmə oyuna çıxacaq Azərbaycan yığmasını belə çətin durumda tək qoymamağı, komandanın qol ümidi, yaralarına məlhəm olmağı gözləyirik, başqa heç nə. Biz ondan oyunu ilə Almaniyanın futbol ictimaiyyətinə xoş təsir bağışlamağı, başqa azərbaycanlıların da həmin ölkəyə yolunu açmağı gözləyirik, başqa heç nə. Kifayətdi, ya davam etdirim?!İndi keçək Mahir ətrafında yaranan durumun praktik tərəflərinə. Baş məşqçi Torsten Liberknext yeni mövsümün ilk üç turunda azərbaycanlı hücumçuya start heyətində şans verdi – “Hannover-96”, “Şalke-04” və “Elversberq” ilə oyunlarda. “Qırmızı iblislər” bu oyunların ikisində uduzdu, Mahir hər dəfə əvəzləndi. Əvəzlənmək isə futbolda ümidləri doğrultmamağın əlaməti sayılır. Yığma fasiləsi ərəfəsində 2-ci bundesliqada 4-cü turun oyunları keçirildi. “Kayzer”in “Darmştadt” üzərində inamlı qələbə qazandığı oyunda (3:1) Mahir nə start heyətində var idi, nə də ehtiyat oyunçular skamyasında. Onda bəziləri durumu belə izah etdi ki, Mahirin belində yüngün ağrılar var, bu üzdən meydana çıxması məsləhət görülməyib. Adamın gəlib Azərbaycan yığmasının heyətində iki oyuna çıxdığını nəzərə alsaq, deməli, zədə versiyası yalanmış. Onunla Liberknextin münasibətlərində artıq çat yaranıbmış. Sadəcə, ötən bir ayda çat o qədər dərinləşib ki, artıq arasına Almaniya istehsalı olan istənilən maşın düşər. Baş məşqçi 5-6-7-ci turlarda da həmvətimizə şans vermədi. Tutaq ki, Liberknext əclafdı, vicdansızdı, ancaq öz aramızdı, ağlı başında olan hansı məşqçi Emrelisiz hər oyunda 3-4 qol vuran komandada hücumçunu əvəzləyər, rotasiyaya əl atar? Siz belə edərsiz? Təbii ki, etməzsiz, heç mən də etmərəm!Təəssüf ki, Mahirin xarakterini səciyyələndirən sərhədsiz eqo onun bütün karyerasını məhv edir, artıq dağıdıcı amilə çevrilib. Sənin o sərhədsiz eqonun sərhədi Abşeron yarımadasının sərhədində bitir, qardaşım, “Biləcəridən o yana” işləmir, dünya futbolunda iz buraxmış Almaniyada isə heç işləmir! Sən komandada aparıcı futbolçuya, liderə çevrilmədən, vazkeçilməz fiqur olmadan sosial şəbəkə ulduzu olmamalı, baş məşqçinə Zlatan İbrahimoviçin dili ilə atmaca göndərməməliydin:

"Bəzi insanlar sənin haqqında pis danışacaq, bəziləri yaxşı. Amma pis danışırlarsa, deməli, sən yaxşı iş görürsən".

Sən Allah, bu nə deməkdi, bu nə yanaşmadı? Mən Liberknextin yerində olsaydım, beləsi ilə daha sərt danışar, heç məşqə də buraxmazdım.Məsəllə başladım, məsəllə də bitirəcəm. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdi. Nə qədər gec deyil, Mahir ağlını başına yığmalı, bacarığını yaşıl meydanda göstərməlidi. Sosial şəbəkələrdə qəhrəman olmaq istəyən, buna çalışan, can atan o qədər adam var ki. Mahir, özünə dön! Yenidən başla, ümidlə, eşqlə! Dönməsən, onsuz da tezliklə özünü başqa klubda tapacaqsan...

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
icma.az

2Mənbələr