Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yeni rəhbərliyin gəlişindən sonra ''Fənərbaxça''da hansı dəyişikliklərin baş verəcəyi maraqla gözlənilir. Xatırladaq ki, sentyabrın 21-də baş tutan növbədənkənar seçkilərdə Əli Koça qalib gələn Sadəttin Saran klub tarixinin 38-ci prezidenti oldu. Baş tutacaq radikal dəyişikliklərlə bağlı iddialar isə günü-gündən qüvvətlənir. Belə görünür, dəyişiklik Devin Özəkdən başlayacaq. Saran gənc futbol adamı ilə yola davam etməyi planlaşdırmır. Xatırladaq ki, daha öncə Almaniyada işləmiş Özək iyunun əvvəllərində Əli Koç tərəfindən futbol direktoru vəzifəsinə gətirilmişdi. 30 yaşlı futbol adamı Con Duran başda olmaqla bu yay reallaşan bir sıra transferlərdə önəmli rol oynamışdı. Elə Joze Mourinyonun istefasından sonra məhz onun məsləhəti ilə baş məşqçi postuna Domeniko Tedesko gətirilmişdi. Özək ilə ən qısa müddətdə yollar ayrılacaq. Elə Tedeskonun köməkçisi kimi kluba dəvət olunan Gökhan Gönülün də istefaya göndəriləcəyi gözlənilir. Yeni rəhbərlikdə Volkan Dəmirəlin təmsil olunacağı demək olar dəqiqdi. Amma onun hansı vəzifədə çalışacağı hələ bilinmir. Futbolçu kimi ''Fənər''in əfsanələrindən sayılan Dəmirəl istənilən vəzifədə çalışmağa hazırdı. Onun Devin Özəki əvəzləyərək futbol direktoru kimi işləyəcəyi istisna edilmir. Tedeskonun özünə gəlincə, onun konkret nə vaxt qovulacağı bilinmir. Amma nəticələr düzəlməsə, bu məşqçi İstanbul nəhəngində çox qalmayacaq. Bu arada klubun daha bir əfsanəsi Aykut Kocaman böyük məmnuniyyətlə baş məşqçi vəzifəsinə qayıdacağına işarə vurub. O hətta pulsuz da işləməyə hazır olduğunu vurğulayıb. Ola bilər ki, Tedeskonu məhz elə Kocaman əvəzləsin. Amma ''Fənər''ə sonuncu çempionluğu yaşadan Ərsun Yanal da geri dönməyə hazırdı.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.