AZ

Moldovada bu gün parlament seçkiləri keçirilir

Moldovada bu gün parlament seçkiləri keçirilir və bu seçkilərdə vətəndaşlar növbəti dörd il ərzində ölkəni idarə edəcək yüzdən artıq deputatı seçirlər. Bu barədə NewsMaker.md məlumat yayıb.

Seçki yarışında 14 partiya, 4 blok və 4 özünü irəli sürən namizəd iştirak edir. Əsas rəqabətin hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) ilə Sosialistlər, Kommunistlər və Moldovanın Qəlbi və Moldovanın Gələcəyi partiyalarının daxil olduğu Vətənpərvər Blok arasında olacağı gözlənilir. Rəy sorğularına görə, Bizim Partiya və Alternativ blokun baryeri keçmək şansı yüksəkdir; müxtəlif araşdırmalar bu qüvvələrin 4%-10% səs alacağını proqnozlaşdırır.

Ümumilikdə parlamentə daxil olmaq üçün partiyaların ən azı 5%-i, seçki bloklarının 7%-i, müstəqil namizədlərin isə 2%-ni toplaması lazımdır. Seçicilərin ən azı 30%-i iştirak etdikdə seçki baş tutmuş hesab ediləcək. Səsvermə səhər saat 7:00-dan axşam 21:00-a qədər 1973 seçki məntəqəsində keçirilir, onlardan 12-si Dnestryanı bölgənin sakinləri üçün nəzərdə tutulub.

301 seçki məntəqəsi xaricdəki diaspora üçün açıqdır. Ən çox seçki məntəqələri İtaliyada (75), Almaniyada (36), Fransada (26), Böyük Britaniyada (24) və Rumıniyadadır (23). Poçtla səsvermə ABŞ və Kanada da daxil olmaqla on ölkədə də mümkündür. Bütün seçki məntəqələrinin ünvanları Mərkəzi Seçki Komissiyasının rəsmi internet saytında dərc olunub.

Xatırladaq ki, Moldova Prezidenti Maia Sandu bundan əvvəl Rusiyanın ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd etdiyini bildirmişdi.

Cümə günü, sentyabrın 26-da Mərkəzi Seçki Komissiyası rusiyayönlü “Böyük Moldova” (Moldova Mare) partiyasını seçkilərdən kənarlaşdırıb. Bu partiya əvvəllər konstitusiyaya zidd elan edilən “Şor” partiyasının hüquqi varisidir. Bundan başqa, səsverməyə bir neçə gün qalmış Kişinyov Apellyasiya Məhkəməsi Ədliyyə Nazirliyinin tələbi ilə qanunsuz maliyyələşmədə şübhəli bilinən “Moldova ürəyi” partiyasının fəaliyyətini dayandırıb. Nəticədə Mərkəzi Seçki Komissiyası partiyanı seçkilərdə iştirak edənlər siyahısından çıxarıb.

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Moldovada keçirilən seçkilərdə rusiyayönlü partiyaların qələbəsi regionun bütün ölkələri üçün risklər yaradacaq.

Əziz Mustafa

Seçilən
47
oxumeni.az

1Mənbələr