AZ

Prezident İlham Əliyevin BMT tribunasından verdiyi mesajlar: "Bu, gələcək üçün strateji baxışın ifadəsi oldu"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Sentyabrın 25-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək, müasir beynəlxalq münasibətlər sistemində həm Azərbaycanın mövqeyini, həm də beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanan siyasi xəttini dünya ictimaiyyətinə təqdim etdi. Çıxışda qeyd edilən məqamlar yalnız regional məsələləri deyil, həm də qlobal çağırışları əhatə edərək Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu bir daha təsdiqlədi".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
O bildirib ki, Prezident İlham Əliyev nitqində Ermənistanın 30 ilə yaxın müddətdə həyata keçirdiyi etnik təmizləmə siyasətinə və hərbi cinayətlərinə diqqət çəkərək, nəticədə bir milyon azərbaycanlının öz yurd-yuvasından didərgin salındığını qeyd edib:
"Bu fakt beynəlxalq hüququn pozulmasının bariz nümunəsi idi. Lakin beynəlxalq təşkilatlar uzun illər boyu bu cinayətlərə münasibətdə laqeyd mövqe sərgilədilər. 1992-ci ildə münaqişənin həlli üçün təsis edilən ATƏT-in Minsk qrupu öz mandatını yerinə yetirə bilmədi. Azərbaycanın ədalətli mövqeyi isə yalnız 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi qələbə ilə təmin olundu. Beləliklə, 10 noyabr 2020-ci il Ermənistanın kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə tarixə düşdü. Prezidentin sözləri ilə desək, bu, təkcə Azərbaycanın deyil, beynəlxalq hüququn da qələbəsi oldu".
"Azərbaycan müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Bu, ölkəmizin inkişaf modelinin dayanıqlı xarakter daşıdığını və destruktiv revanşist yanaşmalardan uzaq olduğunu göstərir. Bununla belə, Ermənistanın işğal dövründə yerləşdirdiyi mina təhlükəsi hələ də qalır və o, regionda təhlükəsizlik üçün ciddi maneədir.
Prezident İlham Əliyev çıxışında regional bağlantıların əhəmiyyətini vurğuladı. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycandan keçməsi ölkəmizin qlobal ticarət və logistika şəbəkəsində mühüm rol oynadığını sübut edir. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi baxımdan davamlı sülhün təmin olunmasına xidmət edir. Azərbaycanın daxili siyasətdə əldə etdiyi nəticələr də beynəlxalq arenada nümunə kimi təqdim olunur. Prezident çıxışında yoxsulluq və işsizlik səviyyəsinin beş faizə qədər endirilməsini dövlətimizin mühüm nailiyyətlərindən biri kimi qeyd etdi. Bu göstəricilər ölkədə sosial sabitliyin və iqtisadi inkişafın paralel şəkildə təmin olunduğunu nümayiş etdirir.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal iqlim gündəliyində fəal tərəfdaş olduğunu göstərir. Prezident İlham Əliyev çıxışında yaşıl keçidə sadiqliyi təsdiq etməklə yanaşı, real olmayan və populist hədəflərin qarşıya qoyulmasının səmərəsizliyini vurğuladı. Bu yanaşma Azərbaycanın praqmatik və reallığa əsaslanan ekoloji siyasətini təsdiqləyir. Eyni zamanda, Xəzər dənizinin su ehtiyatının azalması problemi regional və beynəlxalq miqyasda ciddi təhlükə kimi dəyərləndirilir. Azərbaycanın bu problemi gündəmə gətirməsi, ekoloji məsələlərdə qlobal əməkdaşlığa çağırışın göstəricisidir", - deyə millət vəkili vurğulayıb.
Mehriban Vəliyeva dövlət başçısının BMT Təhlükəsizlik Şurasının struktur islahatlarına dair mühüm təklif irəli sürdüyünə də münasibət bildirib:
"Təhlükəsizlik Şurasının üzvlüyünün genişləndirilməsi və burada Qoşulmama Hərəkatını təmsil edən daimi üzvün olması zərurəti beynəlxalq münasibətlər sistemində ədalətin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın balanslı və qlobal ədaləti hədəfləyən xarici siyasətinin davamıdır. Çıxışda vurğulanan digər mühüm aspekt Azərbaycanın humanitar fəaliyyətidir. Azərbaycan son illərdə müxtəlif ölkələrə göstərdiyi yardım və humanitar təşəbbüslərlə qlobal məsuliyyətini nümayiş etdirib. Bu, ölkəmizin sülhsevər mövqeyinin və beynəlxalq həmrəyliyə sadiqliyinin ifadəsidir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirdi. Bu nitq, bir tərəfdən, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasının beynəlxalq hüququn bərpası olduğunu göstərdisə, digər tərəfdən Azərbaycanın gələcəyə baxışını - sülh, əməkdaşlıq, inkişaf və ədalət dəyərləri üzərində qurulduğunu ortaya qoydu. Azərbaycan artıq yalnız regional təhlükəsizlik və əməkdaşlıq mərkəzi deyil, həm də qlobal problemlərin həllində aktiv tərəfdaş kimi çıxış edir. Prezidentin BMT tribunasından verdiyi mesajlar həm tarixi reallıqların təhlili, həm də gələcək üçün strateji baxışın ifadəsi oldu".
Mərahim Nəsib
Seçilən
35
1
oxu.az

10Mənbələr