AZ

Dünyasını yox, dünyamızı dəyişənlər…

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Tarix boyu - Qarabağdan yazılan bütün mətnlərdə bir nisgil, həsrət, qübar olub. Çünki həmişə Azərbaycanın qara bağında illah da kiminsə səhvindən, kiminsə bacarıqsızlığından dolayı bir erməni “bağbanlıq” edib. Nəvvab, Mirzə Cəlil, Üzeyir Hacıbəyov və digər qələm adamlarının Qarabağında bir məlal var.

Azərbaycan tarixinin heç bir dönəmində öz cənnətini - Qarabağı şövqlə qucaqlaya bilməyib. Xarı bülbülün bağrına saplanan xar, Qarabağın ümumi taleyində də daim görünüb… Ta ki, 2020-ci ilin bu gününə qədər…

Beş il sonra müharibə, post müharibə barədə dərindən nəfəs dərərək düşünəndə bir daha keçdiyimiz bu revalusiyanı təkcə ərazi bütövlüyümüzün təminatında yox, cəmiyyətin kamala yetməsini görürük. İnsanımızın ən ciddi probelmi olan səmimiyyət çatışmazlığı barıt qoxusu kimi bizdən uzaqlaşmaqdadır.

Bu gün andığımız böyük kişilər Vətənimizi yox, həm də xalqımızı özümüzə qaytardı. Onlar dünyalarını dəyişmədi, bizim dünyamızı dəyişdi.

Artıq çayxanalarda domino oynayan qocalar Qarabağın həll yollarından, ATƏT-dən, Putindən yox, nəvələrindən, dərmanlarından, toyuq-cücədən danışırlar. Bu söhbətlər necə yaraşır onların nurani simalarına… Qarabağın işğalı hamını yerindən oynatmışdı, heç kəs öz yerində deyil. Bizə yaraşmayan yerlərdə yaşayırdıq ömrümüzü.

Qarabağın qayıdışı ilə paralel hamı öz yerinə qayıtdı. Hər kəs öz işi ilə məşğul olmağa başladı. Artıq insanlar yekə məsələlərdən, strateji proseslərdən proqnoz verməyə çəkinir, çünki hamı anladı ki, dövlət məsələləri çayxanada danışılan ssenarilərlə, “bir rus, bir azərbaycanlı, bir erməni” cümləsi ilə başlayan pritçalarla qifadə oluna bilməz. Odur ki, hərə özünə aid məsələlərdən danışmağa başladı. Xalqın daxildən yaşadığı bu inqilab heç də müharibədən balaca hadisə deyil.

Məhz 2020-ci ilin bu günü başlananlar Azərbaycan xalqının rebrendiqi oldu. Bayrağımızın, gerbimizin öləziyən rəngləri yenidən boyandı, minor himnimiz major notlar qazandı. Üzr yox, hüzr istəyənlər də çadırlarını Qarabağdan kənarda qurdu.

Əziz şəhidlər, şərəfini qaytardığınız torpaqda uyuyursunuz. Bu gün Azərbaycan övladlarınızın dədəsinin torpağıdır.

Sizi qürurla ana bildiyimiz üçün minnətdarıq!

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
qafqazinfo.az

1Mənbələr