AZ

Ginnesin Rekordlar Muzeyindən REPORTAJ: Nələr var?

Kopenhagenin turistik məkanında - Yeni Kral Meydanının yaxınlığında planetin ən qeyri-adi muzeyi yerləşir: Ginnesin Dünya Rekordları Muzeyi. Bu, Avropada dünyanın hər yerindən insanların inanılmaz nailiyyətlərini təqdim edən yeganə interaktiv muzeydir. “Çətin ki, bir yerdə bu qədər fərqli maraqlar tapa biləsiniz. Buna görə də anı qiymətləndirməyə dəyər. Belə bir muzey həm uşaqlar, həm də böyüklər üçün maraqlıdır”, - deyə muzeyin girişində ziyarətçilərə bildirilir.

11 zalda 500-dən artıq rekord

Muzeyin yaradıcısı karikaturaçı Leroy Ripli dünyanın hər yerindən insanların 500-ə yaxın inanılmaz rekordunu bir yerdə toplamağa müvəffəq olub. O, planeti gəzərkən uzun müddət ərzində topladığı inanılmaz eksponatlar kolleksiyası sayəsində bütün dünyada məşhurlaşıb. Muzeyin eksponatları 1000 kvadratmetrdən çox sahəsi olan ikimərtəbəli binada nümayiş olunur. Bütün eksponatlar məşhur Ginnesin Rekordlar Kitabı ilə bağlıdır. Ekspozisiya 11 zalda yerləşir.

Muzeyin yaranması haqında məlumatlar maraq doğurur. “Hər şey 1955-ci ildə Ross və Norris McWhirter tərəfindən Ginnesin Rekordlar Kitabının ilk nəşri ilə başladı”, - deyə muzeyin əməkdaşı məlumat verir: “Kitab təkcə birinci ildə 187 000 nüsxə satılıb. Zaman keçdikcə dünyanın hər yerindən insanlar kimin daha güclü, daha uzun, daha qısa, daha kök, daha uca olması ilə bağlı yarışmağa başladılar. Onlar bu dünyaca məşhur nəşrin səhifələrinə düşməyə çalışırdılar. Bu gün qonaqlar bu heyrətamiz rekordlar haqqında nəinki oxuya, həm də bu nailiyyətləri nümayiş etdirən eksponatlara toxuna, onları vizual izləyə bilərlər”.

Heyrətamiz rekordlar

Karikaturaçı dünya rekordlarının kolleksiyasını yaratmaq üçün çox çalışıb: “Bunların arasında görkəmli, möhtəşəm, gülməli və qəribə nailiyyətlər var”, - deyə muzeyin əməkdaşı məlumat verir: “Muzeydə təqdim olunan bütün eksponatlar ən yüksək və ən aşağı, ən uzun və ən qısa nailiyyətləri təmsil edir. Məsələn, ən uzun və ən kök insanı təsvir edən mum fiqurlar var”.
Bəzi rekordlar - elm, idman, incəsənət, bağçılıq və digər sahələrdə ən görkəmli nailiyyətlərdən bəhs edən fotoşəkillər və videolar şəklində təqdim olunur.

Rekordlar Muzeyində həqiqətən ən qeyri-adi, bənzərsiz rekordları izləmək olur. Məsələn, düz girişdə ziyarətçiləri planetin ən hündür adamı Robert Uodlounun 2 metr 72 sm boyu olan mum fiquru qarşılayır.

Digər eksponat dünyada təsdiqlənmiş ən ağır çəkiyə malik Robert Erl Hughesin mum fiqurudur. O, 485 kq çəkiyə malik olub. Mum fiqurlar real ölçüdə təqdim olunur.

Muzeydə təqdim olunan üçüncü rekordçu həyatında velosipedlər “yemiş” adamdır. 1950-ci ildə Qrenoblda anadan olan Mişel Lotito adlı bu kişi metal və şüşə yeyir. 1966-cı ildən 18 velosiped, iki çarpayı, bir tabut, 15 supermarket arabası, yeddi televizor, altı çilçıraq, bir aşağı kalorili yüngül “Cessna” təyyarəsi və kompüter - cəmi səkkiz ton metal yeyib. O, heç vaxt həzm sistemindən şikayət etməyib.

Uzunluğu üç metrdən çox olan ən uzun bığ, doqquz metr uzunluğunda qadın dırnaqları və s. rekordlar ekspozisiyalarda təqdim olunur.

Seçilən
38
2
publika.az

10Mənbələr