AZ

Azərbaycan boru kəməri ilə qaz ixracında necə DÜNYA LİDERİ OLDU?

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Artıq havalar kifayət qədər sərinləyib, ölkəmizin çox yerində adam özünü payızın sonuncu ayındakı kimi hiss edir və hətta sentyabrda bir neçə bölgəmiz mövsümdə ilk qarı da qarşılaya bildi. Bu isə enerjiyə təkcə tələbatı artırmır, həm də ona ictimai marağı da yüksəldir.  Başlayaq xalq olaraq çoxumuzu maraqlandıran neft qiymətlərindən.

Neftin artan qiyməti

Yola saldığımız həftə Azərbaycan neftinin bir barelinin qiyməti daşıma tarifləri nəzərə alınmamaqla (yəni Ceyhanda tankerlərə yüklənmiş halda satdığımız neftin qiyməti) 72,24 dollara qədər yüksəldi. Bu qiymət öncə satdığımız neft partiyasından 1,35  dollar və ya 1,9 %  çox olub. Qeyd edim ki, sentyabrın 26-da London birjasında hərraclar bağlanarkən "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 71 dolları ötmüşdü.

Son 7 həftədə dünya bazarlarında ilk dəfə neft bu cür artım dinamikası nümayiş etdirir. Bəs neft qiymətlərinin artımına hansı faktorlar təsir edeib? İlk növbədə ABŞ bazarlarında yaşanan hadisələr. Belə ki, ABŞ maliyyə nazirliyinin bu həftə açıqladığı məlumata görə, ölkə iqtisadiyyatı II rübdə 3,8% artım nümayiş etdirib. Bu, əksər proqnozlardan daha nikbin bir nəticə oldu. İkinci bir tərəfdən isə ABŞ Enerji Administrasiyasının məlumatlarına görə, ölkədə həftəlik yanacaq ehtiyatları ilə yanaşı xam neft ehtiyatı da azalıb. Demək, reallıqda daha çox istehlak baş verir. Bu isə bazara öz təsirini neftin qiymətlərində göstərir. 

Həmçinin qeyd edim ki, yola saldığımız həftə Avropanın qaz qovşağı TTF-də (Niderland) təhvil verilməklə satılan mavi yanacağın 1000 kubmetrinin orta qiyməti 402 dollar təşkil edib.

Azərbaycan iqtisadiyyatı üçün dünya enerji bazarlarında yaşananların müsbət təsiri var. Çünki cari ilin dövlət büdcəsi tərtib edilərkən 1 barel neftin orta ixrac qiyməti 70 dollar, ixrac etdiyimiz qazın orta qiyməti isə 242 dollardan proqnozlaşdırılıb.

SOCAR-ın Avropada yeni neft aktivi

Bu həftə Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan "Italiana Petroli" (IP) şirkətinin 99,82%-lik səhmlərinin "API Holding"dən alınması barədə saziş imzalaması ilə yadda qaldı.  Müqavilə SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A"nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti tərəfindən imzandı.

SOCAR-ın bununla bağlı açıqladığı məlumata görə, alqı-satqı əməliyyat ənənəvi bağlanış şərtləri və müvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq 2026-cı ilin birinci rübündə başa çatdırılacaq.

İndi baxaq görək, SOCAR-ın Avropa bazarında aldığı aktiv nədir? "Italiana Petroli" İtaliyanın ən iri inteqrə olunmuş "downstream" (neft emalı) platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təxminən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, həmçinin bitum, aviasiya yanacağı və sürtgü yağları kimi xüsusi məhsulların satışına və ölkəni tam əhatə edən logistika (daşıma) şəbəkəsinə sahibdir.

Bu satınalma SOCAR-ın Avropa enerji bazarında mövcudluğunu genişləndirmək baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın İtaliya ilə iqtisadi və enerji əməkdaşlığının möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə verəcək.

Yeni neft email zavodu sərfəlidirmi?  

Sosial şəbəkələrdə bu mövzu ilə maraqlanan bir çoxları belə sual da qoyurlar ki, bəz Azərbaycanın neft hasilatı ildən ilə azaldığı bir vaxtda İtaliyada neftayırma zavodu, özü də ikisini almağa nə ehtiyac vardı? Məsələ burasındadır ki, SOCAR-ın qarşısında duran başlıca vəzifə məhz neft ehtiyatlarımızın azaldığı bir dövrdə ölkənin qazancını artırmaq yolunda addımlar atmaqdır, biznesini şaxələndirmək və gəliri artırmaq üçün yeni bazarlara çıxışı təmin etməkdir.
 

SOCAR-ın Türkiyədəki neft emal zavodu STAR Azərbaycna neftinə hesablanmadığından, İtaliyadakı NEZ-lərin də istismar dövründə Azərbaycandan xammal idxal etməsi nəzərdə tutulmur. SOCAR biznesini Azərbaycandan kənarda fəaliyyət göstərdiyi bazarların imkanları, özünün rəqabət apara biləcəyi bacarıqlar hesabına qurur. İndiyə qədər əldə edilən nəticələr də onu göstərir ki, bu mexanizm kifayət qədər effektli işləyir, 2007-ci ildən bu yana SOCAR-ın xaricdə aldığı heç bir aktiv ziyanla işləmir, gəlir gətirir və buna görə də SOCAR-ın qazancı artıq xaricdə Azərbaycanda qazandıqlarını üstələyir. 

 
Başqa bir tərəfdən onu qeyd edim ki, SOCAR bu zavodları kifayət qədər sərfəli qiymətə əldə edib. Düzdür, rəsmən sövdələşmə qiymətini tərəflər açıqlamasa da, amma sentyabrın əvvəlində Avropa mətbuatında bazar iştirakçılarına istinadən dərc edilən materiallarda bunun 3 milyard avro dəyərində ola biləcəyi ehtimal edilirdi. İşlək neft email zavodları üçün, özü də həmçinin satış məntəqələri olan bir obyekt üçün kifayət qədər cəlbedici qiymətdir.

BMT tribunasından səslənən enerji bəyanatları

Yola saldığımız həftə Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı enerji ilə bağlı bir neçə bəyanatı ilə yadda qaldı. Əvvəla, dövlət başçısı vurğuladı ki, dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları, yəni ənənəvi enerji olmadan yaşaya bilməz. “Bu baxımdan da yaşıl enerji keçidinə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq”, deyə bəyan etdi.

Daha sonra dövlət başçısı Azərbaycanın bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləməsinə toxunaraq bunun  şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynadığını vurğulayıb.

Rusiyanı geridə qoyan Azərbaycan

Prezident İlham Əliyev BMT tribunasından çox mühüm bir məlumatı da ictimailəşdirib. “Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə digər ölkələrin qaz təminatının həyata keçirilməsi sırasında dünyada birinci yeri tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir”, - deyə Azərbaycan Prezidenti bildirib.

Oxuculara xatırladım ki, son 3 onillikdə Rusiya boru kəməri qazı ilə dünyaın ən çox ölkəsini təmin edən ölkə statusunda idi. Bu il onun qaz ixrac etdiyi ölkələrin sayı 13 olub. Azərbaycan isə bu ilin avqustunda mavi yanacağın Suriya bazarına ixracına başladıqdan sonra boru kəməri qazının tədarükünə görə (ölkələrin sayına görə) Rusiyanı ötüb. Böyük ehtimalla Azərbaycan bu mövqeyini yaxın və orta perspektivdə itirməyəcək. Çünki Azərbaycan hökumətinin proqnozlarına görə, 2030-cu ilədək ölkəmiz qaz ixracını 8 milyard kubmetr artırmağı planlaşdırır. Qazın ixracı həmçinin Azərbaycanın qaz ixracı coğrafiyasının genişləndirilməsi ilə müşahidə ediləcək.

Azərbaycan hökuməti ilə imzalanmış niyyət memorandumlarına istinad etsək, Azərbaycanın 5 il sonra 20-dək ölkəyə qaz ixrac etmək ehtimalı var. Bu isə Azərbaycanın boru kəmərləri ilə digər ölkələrin qaz təminatında şəksiz lider olmasını dəlalət edən amildir. 

Azərbaycanın yaşıl enerjisinin perspektivləri

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı həmçinin 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizinin bərpaolunan mənbələr (su, günəş, külək və bioenerji) hesabına təmin olunacağını bəyan edib.

Dövlət başçımızın dediklərini daha detallı şəkildə isə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə çıxışı zamanı açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda yaxın 3 ildə 8 günəş və külək elektrik stansiyasının (Naxçıvandakı layihələr nəzərə alınmadan) istismara verilməsi planlaşdırılır. Bu sahədə 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) tikintisi artıq həyata keçirilib (2023-cu ilin noyabrından indiyə qədər bu stansiyada 900 mln kVt/saat elektrik enerjisi istehsal edilib).
 

Bu ilin sonunda 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisi başa çatacaq. 2026-cı ilin sonuna ümumi gücü 760 MVt olan GES-lərin (445 MVt gücündə "Biləsuvar" GES və 315 MVt gücündə "Neftçala" GES) və 100 MVt gücündə "Qobustan" GES-in istismara verilməsi gözlənilir. 2027-ci ildə isə 240 MVt gücündə "Abşeron-Qaradağ", 50 MVt gücündə "Üfüq", 50 MVt gücündə "Şəms" və 240 MVt gücündə "Şəfəq" GES-in istismara verilməsi planlaşdırılır.


Qeyd edim ki, bu layihələrin həyata keçirilməsi, həmçinin yeni hidroelektrik stansiyaların işə salınması nəticəsində Azərbaycan qarşıdakı beşillikdə 1,5 milyard kubmetr qazın istilik elektrik stansiyalarında yandırılmasının qarşısını ala biləcək və həmin həcmlər xarici bazarlara yönəldikməklə ölkənin gəlirlərinin artımına yeni töhfə verəcək.

Neft-qaz sektoruna xarici investisiya

Bu günə qədər Azərbaycanın neft-qaz sektoruna təxminən 144 milyard dollar xarici investisiya cəlb edilib. Belə bir məlumatı energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan regionda Xəzər dənizini beynəlxalq investorlar üçün açıq edən, eləcə də Xəzərdən Aralıq dənizi, Qara dəniz və Adriatik dənizinə enerji dəhlizləri yaradan ilk ölkə olub.

BTC ilə daşınan neft həcmləri

Energetika naziri həmçinin bu günə qədər Azərbaycanın əsas ixrac boru kəməri olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına 540 milyon ton neftin nəql edildiyini də söyləyib.

Pərviz Şabbazovun sözlərinə görə, indiyə qədər Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə dünya bazarlarına həmçinin Mərkəzi Asiya ölkələrindən (Türkmənistan və Qazaxıstan) 53 milyon ton neftin nəql edildiyini bildirib.

Qeyd edim ki, 2015-2022-ci illər ərzində Azərbaycanın əsas ixrac neft kəməri ilə Rusiyanın “LUKoil” şirkəti 10 milyon tona yaxın “qara qızıl” ixrac edib. Amma ABŞ və Avropa İttifaqının Rusiya neftinə qarşı tətbiq etdiyi sanksiya nəticəsində 2022-ci il dekabrın 4-dən Rusiya neftinin BTC ilə ixracı dayandırılıb.

Hazırda BTC ilə daşınan Azərbaycan neftininin yük göndərənləri “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və “Abşeron” layihələri iştirakçıları (bunlar kondensat həcmləridir, yəni daha yüngül neft) və SOCAR-dır. 

Bizim.Media

 

 

 

 

 

 

 

 

Seçilən
0
1
bizim.media

2Mənbələr