27 Sentyabr - Anım Günündə ölkəmizin hər yerində olduğu kimi Gəncədə də şəhidlərimizin xatirəsi ehiramla yad edilib. Bununla bağlı Gəncədə ümumşəhər tədbiri keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının nümayəndəsi Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncədə fəaliyyət göstərən universitet rektorları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət ediblər.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxunub.
Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Şəhidlər xiyabanında, N.Gəncəvi və H.Əliyev, həmçinin H.Əliyev və Ş.İ.Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.
Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq şəhərin inzibati və yaşayış binalarından Azərbaycan və Türkiyə bayraqları asılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu