AZ

Pirallahıda Anım günü ilə bağlı silsilə tədbirlər keçirildi - FOTOLAR

27 sentyabr 2025-ci il tarixdə Pirallahı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “27 sentyabr-Anım Günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamının icrası və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə silsilə tədbirlər keçirilib. 

"Unikal" xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, rayonun hüquq-mühafizə orqanlarının və rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirilən tədbirlər ümumilikdə bir neçə hissədən ibarət olub.

İlk növbədə Fəxri Xiyabanda və rayon ərazisində yerləşən Gürgən qəsəbə qəbiristanlığında şəhid məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Tədbirlərin davamında “Regional İnkişaf” İctimai Birliyi, ”Kapital Bank” ASC və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsinin girişindəki körpünün yaxınlığında  ağacəkmə aksiyası təşkil edilib və şəhidlərimizin əziz xatirəsinə 100 ədəd şam, 100 ədəd zeytun ağacı və 300 ədəd gül kolları əkilib. Ağacəkmə aksiyası başa çatdıqdan sonra RİH başçısı və qonaqlar Vətən uğrunda abidə kompleksinin qarşısına gəliblər.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin orkestrinin ifasında dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və abidə kompleksinin qarşısına  gül dəstələri qoyulub. 

Daha sonra tədbir Pirallahı Gənclər Evində davam etdirilb. RİH başçısı Vasif İmanov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 02 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Bu gün artıq Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra əbədi olaraq müzəffər xalq və qalib dövlət kimi yaşayacaq. Diqqətə çatdırılıb ki, 2023-cü il sentyabr ayının 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Cəmi bir sutka davam edən antiterror tədbirlərinin nəticəsində Qarabağdakı separatçı rejim ağ bayraq qaldırdı və  Azərbaycan öz suverenliyini tam təmin etdi.  

Eyni zamanda, gün ərzində Pirallahı qəsəbə Məscidində anım tədbirləri keçirilmiş və ehsan süfrəsi təşkil edilmişdir.Daha sonra RİH başçısı Vasif İmanov, Aparatın məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Bakı şəhərində yerləşən “8 Noyabr-Zəfər abidəsi”ni ziyarət edib.

Seçilən
22
48
unikal.az

10Mənbələr