Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
" Prezidentin "ədalətin zəfəri" ifadəsi həm siyasi, həm də psixoloji təsir gücünə malikdir. Bu, Azərbaycanın artıq öz haqqını bərpa etdiyini, işğal dövrünün bitdiyini dünyaya bəyan edir. Bu yanaşma gələcək sülh müqaviləsi üçün möhkəm zəmin yaradır, çünki sülh artıq "məcburi reallıq" üzərində qurulur. Digər tərəfdən, sülh müqaviləsinin Vaşinqtonda paraflanmasını tarixi nailiyyət adlandırması Azərbaycanın ABŞ platformalarını yüksək dəyərləndirdiyini göstərir. Bu isə ölkəmizin balanslaşdırılmış xarici siyasət kursunun davamıdır. Əliyevin çıxışında ABŞ-la strateji tərəfdaşlıq vurğusu və "907-ci düzəlişin" ləğvi çağırışı həm ikitərəfli münasibətlərin dərinləşməsinə, həm də beynəlxalq arenada Azərbaycanın əhəmiyyətinin artmasına işarə edir. Humanitar məsələlərin qabardılması isə Azərbaycanın təkcə qalib dövlət deyil, həm də humanist dövlət olduğunu göstərir. 4 min itkin azərbaycanlının taleyinə diqqət çəkməsi beynəlxalq ictimaiyyətin məsuliyyətini oyatmaq məqsədi daşıyır. İqtisadi nailiyyətlərin sadalanması isə Azərbaycanın qələbədən sonra "müharibə ölkəsi" deyil, modern inkişaf yolunu seçmiş bir dövlət olduğunu göstərir. COP29 və Yaşıl Keçid məsələlərinə toxunması Azərbaycanın qlobal proseslərdə də liderlik iddiasını nümayiş etdirir. Bu, həm də Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş imicini möhkəmləndirir. Ən önəmli məqam isə "müsbət təcrübəmizi paylaşmağa hazırıq" mesajıdır. Bu, Azərbaycanın post-münaqişə dövründə barış, reinteqrasiya və bərpa sahəsində öz modelini irəli sürdüyünü göstərir. Ölkənin beynəlxalq nüfuzu artırır və gələcəkdə həm regional, həm də qlobal miqyasda yeni tərəfdaşlıqlara qapı açır. Prezidentin çıxışı beynəlxalq hüquqa istinadla legitimliyi gücləndirdi, siyasi iradə ilə sülhə zəmin yaratdı və Azərbaycanın yeni qlobal aktor kimi özünü təqdim etməsini təmin etdi".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31