AZ

27 sentyabr həm hüzn, həm də qürur günüdür

27 sentyabr bizim yaddaşımıza qara hərflərlə yazılmış gün olsa da, eyni zamanda millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür. 

Bu gün biz Birinci və İkinci Qarabağ müharibələrinin bütün şəhidlərinin müqəddəs xatirəsini dərin hörmətlə yad edir, onların qəhrəmanlığı qarşısında baş əyirik. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin sözləri ilə desək, “biz şəhidlərimizin qanını döyüş meydanında aldıq və onların ruhu qarşısında borcumuzu yerinə yetirdik”.
Əsrlərdir davam edən erməni iddiaları, etnik təmizləmə siyasəti və təxribatları nəticəsində Qarabağ münaqişəsi müharibəsiz həll olunmadı. XX əsrin əvvəllərindən başlayaraq xalqımıza qarşı törədilmiş qətliamlar, deportasiyalar və “dənizdən dənizə Ermənistan” xülyası 1988-ci ildən etibarən açıq hərbi təcavüzə çevrildi. Ermənistan xarici havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal etdi, yüz minlərlə soydaşımız öz yurdundan didərgin salındı, Xocalı soyqırımı kimi bəşəri cinayətə imza atıldı.

30 il ərzində beynəlxalq təşkilatların ikili standartlar siyasəti münaqişənin həllinə deyil, dondurulmasına xidmət etdi. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək sülh yolu ilə problemi həll etməyə çalışdı. Lakin 2020-ci il 27 sentyabrda Ermənistanın genişmiqyaslı təxribatı xalqımızın səbir kasasını daşırdı və Ali Baş Komandanın əmri ilə ordumuz əks-hücuma keçdi.

Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni darmadağın edərək işğala son qoydu. Beş şəhər, dörd qəsəbə və yüzlərlə kənd azad edildi. Qələbəmizin tacı isə Şuşanın azad olunması oldu. Bununla da 30 illik həsrət bitdi, xalqımız tarixi ədaləti bərpa etdi. 10 noyabr 2020-ci ildə imzalanmış bəyanat isə Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu qələbə hərbi gücümüzün, milli iradəmizin, bir yumruq kimi birləşmiş xalqımızın təntənəsi idi. Azərbaycan vətəndaşları ön cəbhədə vuruşan igidlərimizə arxa cəbhədən güc verərək bənzərsiz həmrəylik nümunəsi göstərdilər.
Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı artıq dastana çevrilib. Onların sayəsində biz bu gün azad edilmiş torpaqlarımızda azadlıq bayrağımızı dalğalandırırıq. Dövlətimiz hər zaman şəhid ailələrinin və qazilərin yanında olmuşdur. “YAŞAT” Fondu, protezlərlə təminat, reabilitasiya mərkəzlərinin fəaliyyəti, habelə yeni orden və medallar onların qəhrəmanlığının əbədiləşdirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, hər il 27 sentyabr Anım Günü kimi qeyd olunur. Bu, şəhidlərimizin müqəddəs xatirəsinə dövlətimizin və xalqımızın ehtiramının təzahürüdür. Paytaxtda inşa edilən Zəfər Parkı, Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdıracaq, müzəffər ordumuzun şanlı yolunu əks etdirəcək.

27 sentyabr həm hüzn, həm də qürur günüdür. Bu gün biz şəhidlərimizin xatirəsini uca tutur, onların canları bahasına əldə edilmiş Zəfərin məsuliyyətini dərk edirik. Azərbaycan xalqı bundan sonra da azad və güclü dövlətini qurmağa davam edəcək.
Qoy bütün dünya bilsin: Azərbaycan xalqı heç vaxt haqqından dönməz, heç vaxt torpağını güzəştə getməz və heç vaxt şəhidlərinin qanını yerdə qoymaz!

Hicran Hüseynova,

Milli Məclisin kimitə sədri, professor

Seçilən
16
2
ikisahil.az

3Mənbələr