AZ

“İlham Əliyevin BMT-dəki nitqi hərtərəfli sənəd kimi qiymətləndirilməlidir” -

“Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi nitq Azərbaycanın müasir tarixindəki dönüş nöqtələrini və gələcək perspektivlərini əks etdirən mühüm sənəd kimi qiymətləndirilir”. Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında xüsusilə postmüharibə dövründə Azərbaycanın atdığı quruculuq addımlarını vurğulayıb. Millət vəkili diqqətə çatdırıb ki, dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa layihələrini beynəlxalq ictimaiyyətin gündəminə gətirib. Eyni zamanda Prezident “Böyük Qayıdış” proqramının strateji əhəmiyyətini ön plana çəkib. Bu, Azərbaycanın sülh, əməkdaşlıq və inkişaf istiqamətində verdiyi mesajların ən aydın ifadəsi kimi qiymətləndirilməlidir: “Prezident İlham Əliyevin BMT tribunasındakı çıxışı Azərbaycanın otuz illik işğal faciəsindən qələbəyə aparan yolun ətraflı təsvirini verməklə başladı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlının öz doğma yurdlarından didərgin salınması, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra edilməməsi və ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti kimi faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq humanitar hüquqa tam riayət etməsi, mülki əhalinin qorunması və qeyri-hərbi obyektlərin hədəfə alınmamasından çəkinməsi xüsusi vurğulandı. Bu, Azərbaycanın hərbi əməliyyatları apararkən belə beynəlxalq hüquq normalarına sadiq qaldığının sübutudur”. Millət vəkilinin sözlərinə görə, Prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri 2020-ci ildən sonra Azərbaycanın sülh prosesinə yanaşması olub.O bildirib ki, ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmaq təşəbbüsü xüsusi önəm kəsb edir. Naqif Həmzəyev əlavə edib ki, beş təməl prinsipə əsaslanan sülh müqaviləsi layihəsinin təqdim olunması beynəlxalq diplomatiyada Azərbaycanın konstruktiv mövqeyini nümayiş etdirib: “ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda əldə edilən tarixi razılaşmalar xüsusi önəm daşıyır. Sülh müqaviləsinin paraflanması, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) yaradılması və Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində atılan addımlar regionda yeni geopolitik reallıqların formalaşdığından xəbər verir. Prezidentin çıxışında Azərbaycanın qlobal iqlim proseslərində oynadığı rol xüsusi yer tutdu. COP29-a ev sahibliyi etməklə əldə edilən nəticələr - Bakı Maliyyə Hədəfi, Paris Sazişinin 6-cı maddəsinə uyğun karbon bazarlarının formalaşması və İtki və Zərərlərə Cavab Fondunun fəaliyyəti - Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı lider mövqeyini təsdiqlədi. Lakin prezident həm də realist yanaşmanın vacibliyini vurğuladı. Dünyanın bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməyəcəyini qeyd edərək, yaşıl keçidə sadiq qalmaqla yanaşı, real olmayan hədəflər qoymamanın vacibliyini xatırlatdı. Azərbaycanın enerji sahəsindəki nailiyyətləri çıxışın diqqət çəkici hissəsini təşkil etdi. 14 ölkəyə təbii qaz ixracı, boru kəməri vasitəsilə qaz təmin edən ölkələr sırasında birinci yer, həmçinin Suriyaya enerji təchizatı kimi yeni istiqamətlərdəki fəaliyyət Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu göstərir. Bərpaolunan enerji mənbələrinə sərmayələr və 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bərpaolunan mənbələr hesabına təmin edilməsi hədəfi ölkənin enerjidə şaxələndirmə strategiyasının uğurla həyata keçirildiyindən xəbər verir”. Millət vəkili Naqif Həmzəyev bildirib ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı nitqi Azərbaycanın təkcə regional deyil, qlobal miqyasda da strateji mövqeyini göstərən mühüm çıxışdır. Onun sözlərinə görə, Orta Dəhlizdə yükdaşımaların 90 faiz artması, Ələt Beynəlxalq Ticarət Limanının genişləndirilməsi və “Rəqəmsal İpək Yolu” layihəsi kimi təşəbbüslərin vurğulanması Azərbaycanın beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilməsinin sübutudur. Millət vəkili əlavə edib ki, Xəzərin dibi ilə fiber-optik kabel şəbəkəsinin qurulması planları regionda rəqəmsal transformasiyanın yeni mərhələsinin başlanğıcını nümayiş etdirir. Naqif Həmzəyev həmçinin diqqətə çatdırıb ki, yoxsulluğun və işsizliyin tarixi minimum həddə – 5 faizə enməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və xarici borcun ÜDM-in cəmi 6,5 faizini təşkil etməsi ölkədə iqtisadi sabitliyin və güclü fiskal intizamın bariz göstəriciləridir. Millət vəkilinin sözlərinə görə, Prezidentin çıxışında humanitar məsələlər də ön plana çəkilib. O, Ermənistanın yerləşdirdiyi minaların yaratdığı təhlükənin, dörd minə yaxın itkin düşmüş azərbaycanlının taleyinin və Xəzər dənizindəki ekoloji problemlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Bununla yanaşı, Azərbaycanın COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə göstərdiyi yardım ölkənin qlobal məsuliyyət hissini nümayiş etdirən nümunə kimi qiymətləndirilib. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışını “ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı bir dünya qurmaq çağırışı” ilə yekunlaşdırması, Azərbaycanın daxili transformasiyasının yanaşı, beynəlxalq münasibətlərdə ədalətə əsaslanan yeni dünya düzəni qurmaq istiqamətində mühüm mesajdır. Naqif Həmzəyev yekunda bildirib ki, bu nitq Azərbaycanın işğaldan azadlığa, münaqişədən sülhə, izolyasiyadan qlobal inteqrasiyaya aparan tarixi yolunu əks etdirən hərtərəfli sənəd kimi qiymətləndirilməlidir.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
5
2
metbuat.az

3Mənbələr