AZ

Mamoy Mansurov: 27 Sentyabr-Qürur günümüzdür » AzadMedia.az


Mamoy Mansurov,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


Azərbaycan xalqı heç zaman işğalla barışmamış, torpaqlarımızın azadlığı uğrunda daim mübarizə aparıb. Tarix boyu sülhsevər, tolerant və ədalətli mövqeyinə baxmayaraq, xalqımız düşmənin hərbi təxribatlarına qarşı səbir və qətiyyətlə dayanmıb. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz hadisələri Azərbaycan xalqının iradəsini, Vətən uğrunda ölüm-dirim mübarizəsinə hər zaman hazır olduğunu göstərmişdi.

Lakin Ermənistan tərəfi bu mesajlardan nəticə çıxarmadı. Əksinə, təxribatçı siyasətini davam etdirərək 2020-ci il 27 sentyabr səhəri bütün cəbhə boyu hərbi əməliyyatlara başladı. Ermənistan silahlı qüvvələri həm Azərbaycan Ordusunun mövqelərini, həm də dinc əhalinin yaşadığı kənd və şəhərləri ağır artilleriya atəşinə tutdu. Nəticədə mülki şəxslər arasında ilk gündən itkilər yaşandı, günahsız insanlar – qadınlar, uşaqlar, yaşlılar həlak oldu. Bu, sülhsevər xalqımızın “səbir kasasını” daşıran növbəti və ən ağır təxribat idi.

Azərbaycan xalqı və Ordusu həmin gün bir nəfər kimi birləşərək, düşmənin təcavüzünə son qoymaq üçün ayağa qalxdı. Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başlandı və bununla da 44 günlük Vətən müharibəsinin şanlı səhifələri yazıldı. Azərbaycan igid əsgərləri, şəhidlərimizin qanı bahasına işğala son qoydu, 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımız azad edildi.

27 sentyabr – Anım Günü xalqımızın qəhrəmanlıq tarixini, şəhidlərimizin müqəddəs xatirəsini əks etdirir. Bu gün hər bir azərbaycanlı üçün həm kədər, həm də qürur günüdür. Biz şəhidlərimizin ruhu qarşısında baş əyir, onların canı və qanı bahasına əldə etdiyimiz Qələbəni əbədi yaşatmağa söz veririk.

Qarabağ uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla:
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Seçilən
35
1
azadmedia.az

10Mənbələr