AZ

Ağstafa üzümçüləri bu il də bağlarda bol məhsul yetişdiriblər

Ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrindən biri də üzümçülükdür. Azərbaycan müstəqillik qazandıqdan sonra  tənəzzülə uğramış bu sahənin inkişafı üçün də bir sıra məqsədyönlü tədbirlər həyata keçirildi. 

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizdə üzümçülüyün inkişaf etdirilməsi ön plana çıxarıldı. Bu gəlirli sahənin inkişafına göstərilən diqqət və qayğı nəticəsində üzümçülük yeni inkişaf mərhələsinə qədəm qoydu. Nəticədə respublika ərazisində üzüm bağlarının sahəsi xeyli genişləndirildi. 

Üzümçülük sahəsində zəngin təcrübəsi olan rayonlardan biri də Ağstafadır. Hazırda rayonda üzümçülükdə itirilmiş şöhrətin qaytarılması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Köhnə bağlar bərpa edilməklə yanaşı, yeni , daha məhsuldar bağlar salınır. Görülən məqsədyönlü tədbirlər nəticəsində üzüm bağlarının sahəsi 508,1 hektara çatdırılmışdır ki, bunun da 500,9 hektarı məhsul verən, 7,2 hektarı isə yeni salınmış bağlardır. Plantasiyalara göstərilən yüksək aqrotexniki qulluq nəticəsində keçən il rayon üzrə məhsuldarlıq əvvəlki illərə nisbətən yüksək olmuşdur. 

Bu il də bağlarda bol məhsul yetişdirilmişdir. Artıq xeyli vaxtdır ki, üzüm yığımı aparılır. Əvvəlki illərdə olduğu kimi bu il də "AZ KONSALT" MMC 68 hektarda texniki üzüm sortu yetişdirmişdir.  Keçən il həmin sahələrdən 700 ton məhsul əldə edən əməkçilər bu il bağlardan 750-800 ton üzüm götürməyi planlaşdırırlar.

Hazırda bağlarda üzüm yığımı sürətlə davam edir. İlkin nəticə onu deməyə əsas verir ki, bu il ötən illə müqayisədə məhsul daha bərəkətli olacaq. Rayonun Pirili kəndində fermer Şamil Allahverdiyev tərəfindən salınmış 6 hektar üzüm bağında bol məhsul yetişmişdir. Keçən il bu bağlardan 60 ton məhsul götürən fermer deyir ki, cari ildə bu göstəricinin 75-80 ton olacağı gözlənilir.

Poylu kəndində Səməndər Vəliyevin yetişdirdiyi 2 hektar üzüm bağında da məhsul boldur. Fermer əsasən "Merlot" və "Redbull" üzüm sortu yetişdirmişdir. Keçən il həmin sahələrin hər hektarından 17 ton məhsul götürən Səməndər bu il məhsuldarlığın daha çox olacağını söylədi. Dedi ki, ilkin göstəricilərə görə, bu rəqəmin 25 tona yaxın olacağı gözlənilir.

Ümumiyyətlə, Ağstafada hər il bol üzüm yetişdirən onlarla fermer var. Poylu kəndindən Qurban Aslanov, Kolxəlfəli kəndindən Yulət Kərimov və başqaları hər il üzüm istehsalında fərqlənirlər. Fermer Qurban Aslanov keçən il 3 hektar üzüm bağından 20 ton, Yulət Kərimov isə 2 hektar üzüm bağından 15 ton məhsul götürmüşdür. Hazırda üzüm yığımında fərqlənən fermerlər bu il də məhsulun daha çox olacağını əminliklə bildirdilər. 

Söhbət zamanı fermerlər yetişdirdikləri üzümün satışında problemlər olduğunu da dedilər. Xüsusilə məhsulun ölkədənkənar bazarlara aparılmasında çətinliklərlə rastlaşdıqlarını, bunun da nəticəsində məhsulun  bir hissəsinin qısa vaxtda xarab olaraq maddi ziyan vurduğunu söylədilər.

S.YUNİSOĞLU,

 "Azərbaycan"

Seçilən
61
azerbaijan-news.az

1Mənbələr