AZ

Azərbaycan qlobal arenada söz sahibidir

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci yubiley sessiyası qlobal gündəlikdə mühüm yer tutdu. Bu əlamətdar sessiya dünya ölkələrini bir araya gətirərək beynəlxalq ictimaiyyətin qarşısında duran sülh, təhlükəsizlik, davamlı inkişaf və iqlim dəyişikliyi kimi həyati məsələlərin müzakirəsi üçün mühüm platforma yaratdı. Sessiyada dövlət və hökumət başçıları, diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək müasir dünyanın üzləşdiyi çağırışlar və onlara qarşı birgə mübarizə yolları barədə fikir mübadiləsi apardılar. Xüsusilə davam edən silahlı münaqişələr, qlobal ərzaq böhranı, enerji təhlükəsizliyi sahəsindəki problemlər, yoxsulluğun azaldılması, bərpaolunan enerji mənbələrinin təşviqi və rəqəmsal transformasiya kimi məsələlər əsas müzakirə mövzuları sırasında yer aldı.

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, yubiley sessiyası, eyni zamanda BMT-nin fəaliyyətinin qiymətləndirilməsi və təşkilatın gələcək islahatları ilə bağlı geniş debatlara şərait yaratdı. Sessiya çərçivəsində üzv dövlətlər beynəlxalq əməkdaşlığın gücləndirilməsini və qlobal problemlərə qarşı kollektiv yanaşmaların vacibliyini vurğuladılar. "Azərbaycan da bu mühüm sessiyada fəal iştirak edərək, ölkəmizin xarici siyasət prioritetlərini, qlobal və regional məsələlərə dair mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ölkəmizin regional təhlükəsizlik, enerji əməkdaşlığı və dayanıqlı inkişaf sahəsində irəli sürdüyü təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan  BMT-nin 80 illik yubiley tədbirində təmsil olunması ilə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu və qlobal proseslərdə fəal iştirakını bir daha aydın şəkildə nümayiş etdirdi. Bu iştirak Azərbaycanın təkcə regional deyil, həm də beynəlxalq miqyasda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqi sahəsindəki prinsipial mövqeyini və fəal təşəbbüskarlığını BMT tribunasından ifadə etməsi önəmli bir addım oldu",- deyə o əlavə edib.

Deputat qeyd edib ki, bu səfərin ən önəmli məqamlarından biri Prezident İlham Əliyevin dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyi yüksəksəviyyəli görüşlərdir. Prezidentin "Brookfield Asset Management", "Neuberger Berman", "Blackstone" və digər nüfuzlu beynəlxalq investisiya şirkətlərinin rəhbərləri ilə görüşləri Azərbaycanın iqtisadi potensialına və investisiya mühitinə artan marağın aydın göstəricisidir. Qeyd etmək lazımdır ki, bu maliyyə institutlarının hər biri trilyonlarla dollarlıq kapitala nəzarət edir və qlobal iqtisadi sistemdə mühüm rol oynayır.  Diqqətçəkən məqam isə odur ki, bu görüşlər Azərbaycan tərəfinin təşəbbüsü ilə deyil, birbaşa qarşı tərəfin müraciəti əsasında təşkil olunub. Bu, Azərbaycanın iqtisadi sabitliyinə, inkişaf strategiyasına və investorlar üçün cəlbedici imkanlar təqdim etməsinə beynəlxalq maliyyə dairələrində göstərilən etimad və marağın bariz sübutudur.

K.Bayramov vurğulayıb ki, ölkəmizin ABŞ-nin aparıcı investisiya şirkətləri və Avropa dövlətləri ilə formalaşdırdığı yeni əməkdaşlıqlar Azərbaycanın iqtisadi gələcəyi üçün bir sıra strateji üstünlüklər vəd edir: "Birincisi, bu əməkdaşlıqlar Azərbaycanın qlobal maliyyə və texnologiya axınlarına daha sıx inteqrasiyasını təmin edir. Belə inteqrasiya yalnız kapital yatırımı ilə məhdudlaşmır, eyni zamanda qabaqcıl idarəetmə təcrübələrinin, innovativ yanaşmaların və rəqəmsal transformasiya alətlərinin ölkəyə gətirilməsinə şərait yaradır. İkincisi, yeni tərəfdaşlıqlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesini sürətləndirə bilər. Enerji sektoru ilə yanaşı, sənaye, "yaşıl texnologiya"lar, aqrobiznes, səhiyyə və maliyyə texnologiyaları kimi sahələrdə sərmayə imkanlarının genişlənməsi iqtisadiyyatın dayanıqlılığını əhəmiyyətli dərəcədə artıracaq. Üçüncüsü, bu əməkdaşlıqlar Azərbaycanın beynəlxalq reytinqlərdə və investisiya cəlbediciliyi indekslərində mövqeyinin daha da möhkəmlənməsinə səbəb ola bilər. Bu isə gələcəkdə daha genişmiqyaslı layihələrə əlavə sərmayələrin cəlb olunmasını asanlaşdıracaq. Qeyd edilməlidir ki, bu cür strateji tərəfdaşlıqlar ölkəmizin regional liderlik mövqeyini gücləndirməklə yanaşı, onun enerji tranziti, logistika və beynəlxalq ticarət qovşağı kimi rolunu da daha da möhkəmləndirir".

K.Bayramov xüsusi olaraq qeyd edib ki, dövlət başçımızın BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirdiyi görüşlər həm regional sülh gündəliyini, həm də qlobal maliyyə və enerji əməkdaşlığı məsələlərini əhatə edib. Səfərin diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla səmimi söhbəti olub. Bu dialoq Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Birinci vitse-prezident Mehriban Əliyeva həmin görüşə dair sosial şəbəkədə paylaşdığı qısa videoda iki lider arasında açıq, dostyana və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsini ictimaiyyətə təqdim edib. Bu münasibətlər Prezident İlham Əliyevin dialoqa və qarşılıqlı hörmətə əsaslanan xarici siyasət kursunun uğurlu nəticəsidir. Dövlət başçımızın Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri, eləcə də Avropa Şurasının Baş katibi ilə keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu və Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında təşəbbüskar rolunu bir daha nümayiş etdirir. Dünya ictimaiyyəti, xüsusilə Avropa və Afrika regionlarının siyasi rəhbərləri Azərbaycanın regionda həyata keçirdiyi konstruktiv və balanslaşdırılmış siyasəti, eyni zamanda sülhə yönəlmiş təşəbbüslərini yüksək qiymətləndirirlər. 

Deputat bildirib ki, bütün görüşlərdə, xüsusilə də, avqustun 7-8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton Sülh Sammitində əldə olunmuş tarixi nəticələr xüsusi vurğulanıb. Sammit çərçivəsində əldə edilən razılaşmalar və Azərbaycanla Ermənistan liderləri tərəfindən imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində atılmış strateji əhəmiyyətli addım oldu. "Bu tarixi sənəd, bölgədə süni gərginlik yaratmağa çalışan xarici dairələrin, Ermənistandakı revanşist qüvvələrin, erməni lobbisinin, ümumilikdə Azərbaycanın inkişafına mane olmağa çalışan qüvvələrin planlarının iflasa uğradığını nümayiş etdirdi. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə torpaqlarının işğalı dövründə belə həmişə münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verən, 44 günlük Vətən müharibəsindən dərhal sonra normallaşma və barış üçün təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və prinsipial sülh siyasətinin məntiqi nəticəsidir. Bu sənəd, eyni zamanda Azərbaycanın qətiyyətli, uzaqgörən və məsuliyyətli liderlik modeli ilə beynəlxalq səviyyədə etibarlı sülh təşəbbüskarına çevrildiyini bir daha təsdiqlədi", - deyə o əlavə edib.

K.Bayramov qeyd edib ki, ümumilikdə, Prezident İlham Əliyevin Nyu York səfəri və iştirak etdiyi görüşlər Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin daha da möhkəmləndiyini, ölkəmizin həm iqtisadi, həm siyasi, həm də diplomatik baxımdan güclənməkdə davam etdiyini aydın şəkildə göstərir. Bu cür fəal və məqsədyönlü diplomatik xətt Azərbaycana beynəlxalq tərəfdaşları ilə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə, eyni zamanda qlobal gündəliyin formalaşdırılmasında fəal rol oynamasına imkan yaradır. Azərbaycanın artan nüfuzu, sülh və sabitlik yönündə irəli sürdüyü təşəbbüslər, eləcə də xarici investisiyalara və əməkdaşlığa açıq mövqeyi ölkəmizi bölgədə və onun hüdudlarından kənarda etibarlı tərəfdaş kimi tanıdır. Nyu York gündəliyi həmçinin Azərbaycanın gələcəyə yönəlmiş strateji baxışının və dünyada baş verən proseslərə prinsipial, məsuliyyətli yanaşmasının bariz təzahürüdür.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
74
1
azerbaijan-news.az

10Mənbələr