AZ

Azər Badamov: 44 gün ərzində xalqımızın və ordumuzun qəhrəmanlığı tarixə yazıldı

“Dünyada beynəlxalq hüququn deyil, güc amilinin önə keçdiyi reallığını zamanında görən Azərbaycan Prezidenti İlham Əliyev vaxt itirmədən ordumuz qədər cəmiyyətimizi də ideoloji əsaslarla gücləndirməyi, möhkəmləndirməyi bacardı. Məhz bunun nəticəsi idi ki, 44 günlük müharibə ərzində böyükdən-kiçiyə hər kəsin ürəyi səngərlərdə döyünürdü”.

Bu fikirləri Operativ Media-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. 

O qeyd edib ki, dövlət başçısının 44 gün ərzində xalqa ünvanladığı hər bir müraciəti, işlətdiyi cümlə və ifadələr dillər əzbəri oldu:

“Məhz o günlərə dönüb yenidən baxarkən insanın ürəyi fərəhlə dolur. Bir daha xalqımızın böyüklüyü, torpaq sevgisi özünü göstərdi. Biz bütün dünyaya sübut edə bildik ki, torpağımızdan bir qarış belə heç kimə pay verməyəcəyik. Səngərlərin Müzəffər Ali Baş Komandanı, böyük siyasətçi cənab İlham Əliyev bütün çıxışlarında bildirir ki, Zəfərimizi qəhrəman əsgər və zabitlərimizə, şəhidlərimizə borculuyuq. Məhz bu yanaşmanın özü böyük Azərbaycan xalqının böyük oğlunun böyük ürəyindən, millətinə, xalqına duyduğu sevgisindən xəbər verir.

İllər ərzində qlobal güclərə başa salmağa çalışırdıq ki, xalqımız heç zaman işğal ilə barışmayacaq. Lakin təəssüflər olsun ki, bizə münaqişənin hərbi həll variantının mövcud olmadığını qəbul etdirməyə çalışır, işğalçını isə cəzalandırmırdılar. Məhz elə bu cəzasızlıq sindromunun nəticəsi idi ki, müharibə zamanı Ermənistan Azərbaycanın iri şəhərlərini hədəf alaraq mülki infrastrukturu, mülki əhalini vurur, bununla da öz xislətini nümayiş etdirirdi”.

Azər Badamov bildirib ki, Azərbaycan beynəlxalq hüququn normalarına riayət edərək qisasını döyüş meydanında ald: “Bu cür ləyaqətli xalq bir nəfər də fərari vermədi. Əksinə əli silah tutan hər kəs orduya yollanmaq üçün sıralara düzülürdü, müraciətlərin ardı-arası kəsilmirdi. Qarşı tərəf isə öz məkirli üzünü ifşa edir, digər yandan da fərarilərin sayı gündən-günə artır, 10 min nəfər fərari ilə nə edəcəyini özü də bilmirdi. Azərbaycan xalqı özünü dünyaya ləyaqətli, qorxmaz xalq kimi sübut edərkən, Ermənistan gülüş obyektinə çevrilirdi.

Anım günü tariximizin ən önəmli günlərindən biridir. Bu tarix şəhidlərimizin qanı ilə boyanıb. Biz bunu unutmamalı, gələcək nəsillərə də ötürməliyik. Şanlı Zəfərimizin memarı Müzəffər Ali Baş Komandanımızdır. Onun ərsəyə gəlməsində isə dünya azərbaycanlılarının hər birinin əməyi var. Çünki 44 günlük Vətən savaşı ərzində dünya son illərdə müşahidə etmədiyi bir birliyə şahidlik etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, dövlər başçımızın əzmlə irəlilədiyi bu yol isə xalqımıza, dövlətimizə əbədi səadət gətirsin!”.

Ayşən Sadıxzadə

Seçilən
14
operativmedia.az

1Mənbələr