AZ

Şəhidlik zirvəsinə aparan yol

O, heç vaxt doğum gününü qeyd etmədi. Hələ ibtidai sinifdə oxuyarkən bir gün müəllimi şagirdlərdən ad günlərini, həmin günü necə keçirəcəklərini soruşub. Növbə Turala çatanda yaşına xas olmayan bir ciddiyyətlə ayağa qalxıb, qaşlarını çataraq "Mənim doğum günümdə Xocalı işğal olunub. Torpaqlarımız azad olunmayana qədər mən o günü qeyd etməyəcəm" - deyib və sözünün üstündə də durub...

Tural Abdullayev 1990-cı il fevralın 26-da Laçın rayonunun Ərikli kəndində dünyaya gəlib. Sonradan ailəsi ilə Xocalıya köçsələr də, burada da uzun müddət yaşaya bilməyiblər. Onun ikinci doğum günü azğın düşmənin Xocalıda törətdiyi qanlı soyqırımına təsadüf edib. Körpə gözləri qarşısında doğma insanları, qonşuları, şəhərini itirən, bu xatirələrlə böyüyən Turalın qəlbinə intiqam toxumları səpilib. İllər keçsə də, o mənfur günü unutmayan Tural hələ uşaqlıqdan Vətəninin intiqamını alacağını özünə söz verib və alıb da...

Anası İradə xanım deyir ki, Tural həmişə yaşıdlarından fərqlənib: "Oğlum uşaq olanda kim ondan soruşsa ki, səninçün nə alaq, nə istəyirsən, cavabı həmişə eyni olub: bayraq. Təxminən 4 yaşı vardı, atası onunçun üçtəkərli velosiped almışdı. Velosipedi görən kimi hövlnak evə qaçıb bayrağını gətirib sancdı. Elə uşaqlıqdan bayrağa, vətənə dərin sevgisi vardı. Dördüncü sinif buraxılışı bugünkü kimi yadımdadır. Əsgər forması geyinməli idi, o vaxt vəziyyət çətin idi deyə nə qədər axtarsam da, tapa bilmədim. Çox təsir eləmişdi Turala. Müəlliminə demişdi ki, böyüyəndə hərbçi olacaq, düşməndən intiqam alacaq, şəhid olacaq. Bu sözləri dediyi lent yazısı da var. Amma oğlum şəhid olandan sonra neçə dəfə istəsəm də, həmin kaseti izləməyə özümdə güc tapa bilmədim".

Valideynləri Turalın vətənpərvərlik ruhunda böyüməsinə xüsusi diqqət yetirirdilər. Onu və bacılarını tez-tez Xocalı abidəsinə, Şəhidlər xiyabanına aparır, onlara şəhidlərdən, xalqımıza edilən haqsızlıqlardan danışırdılar. Məktəb müəllimləri xatırlayır ki, Tural inşalarda o qədər şəhid adı yazardı ki, bəzilərini heç müəllimlər belə tanımazdı.

2008-ci ildə hərbi xidmətə yollanan Tural Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2010-cu ildən isə Daxili İşlər Nazirliyinin Zaqatala Xüsusi Təyinatlılar dəstəsində əməliyyat qrupunun üzvü kimi çalışıb. On iki il ərzində qüsursuz xidmət göstərən baş çavuş nümunəvi xidmətlərinə görə dəfələrlə medal və fəxri fərmanlarla təltif olunub.

Turalın igidliyi, qorxmazlığı dillərdə idi. 2017-2018-ci illərdə Türkiyədən təlim üçün gələn hərbçilər ona "Bozqurd" ləqəbini veriblər. Təlim zamanı ağır relyefdə hərbçilər və hətta xüsusi təlimli itlər belə çətinlik çəkərkən, Tural  həm öz, həm yoldaşının yükünü, həm də beş hərbçinin silahını çiyninə alaraq zirvəyə qalxıb. Digərləri çatanda isə o, çoxdan dağın başında oturub gülə-gülə əl edərmiş. Həmin gündən hər kəs onu "Bozqurd" deyə çağırmağa başlayıb.

Qorxmaz döyüşçü eyni zamanda mülayim, xeyirxah, kitabsevər insan idi. "Çox danışmağı sevməzdi, amma danışanda hamı onu dinləyərdi. Kitab oxumağı sevirdi. Bacılarına həmişə deyirdi ki, kitab oxuyun, ana insanı dünyaya gətirir, kitab isə yetişdirir. Harda olsa, hara getsə, hörmət qazanardı. Kimisə pərişan görəndə tez maraqlanar, köməyini təklif edərdi. Zaqatalada xidmət etdiyi müddətdə tanış olduğu, köməyi dəydiyi insanlar hələ də mənə zəng edir, hal-əhval tuturlar" deyir şəhid anası.

Övladını sonuncu dəfə 2020-ci il sentyabrın 26-da görür İradə xanım: "Bir günlüyünə evə gəlmişdi. Otağında çantasını hazırlayırdım. Gəldi, möhkəm qucaqladı məni, alnımdan öpdü. "Ana, səni hamıdan çox istəyirəm" deyib  üzünü bacılarına çevirdi: "Anamdan muğayat olun, o, sizə əmanətimdir". İki qızım olsa da, mən həmişə onunla dərdləşər, məsləhətləşərdim. Vaxtsız itirdiyim atam, anam, bacım, qardaşımın yerinə qoymuşdum onu sanki... Onu da vaxtsız itirdim. Düz beş ildir Turalsızam, nəfəssizəm, onun mənə "ana" deməsinə həsrətəm. Mənə bircə dəfə "ana" deməsini eşitməkçün dünyaları verərdim".

Həmişə ürəyi anasından sarı nigaran qalan Turalın son sözləri, vəsiyyəti də elə onunla bağlı olub. Silah yoldaşı Hilalla sentyabrın 29-u səhər  saat 4-də söhbət edib, halallaşıblar. Tural deyib ki, "ürəyimə damıb şəhid olacam. Bizə gedib anama deyərsən ki, onu həmişə hamıdan çox istəmişəm. Mənə görə ağlamasın, başını dik tutsun. Mən bu həyatı seçdiyimçün çox xoşbəxt idim".

Yalnız ailəsinin deyil, həm də xalqının qüruru olan Tural Abdullayev 2020-ci il sentyabrın 30-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək əbədiyyətə qovuşub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi xüsusi xidmətlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Turalın şəhidlik zirvəsinə gedən yolu hər bir Vətən övladının qəlbində qürur, iftixar hissi doğurur. Hər kəs qəhrəman doğulmur, hər kəs də qəhrəman kimi əbədiyyətə qovuşmur, adını Vətənin qəhrəmanlıq tarixinə qızıl hərflərlə yaza bilmir. Bu nakam, amma qürurlu tale Turala qismət oldu...

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Seçilən
8
azerbaijan-news.az

1Mənbələr