AZ

“Bavariya” - “Verder Bremen” oyunu rekordlarla yadda qalıb

Berlin, 27 sentyabr, AZƏRTAC

Bundesliqanın beşinci turuna “Bavariya” - “Verder Bremen” görüşü ilə start verilib.

AZƏRTAC xəbər verir ki, Münxen təmsilçisi görüşdə böyük hesabla qalib gəlib - 4:0. Oyunda hesabı matçın 22-ci dəqiqəsində “Bavariya”nın müdafiəçisi Yonatan Tah açıb. Oyunun 45-ci dəqiqəsində Harri Keyn 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi iki topa çatdırıb. İngilis futbolçu 65-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub. Oyunda son nöqtəni görüşün 87-ci dəqiqəsində “Bavariya”nın avstriyalı yarımmüdafiəçisi Konrad Laymer qoyub.

Bu qələbə “Bavariya” üçün bir çox cəhətdən əlamətdar olub. Münxenlilər mövsümə uğurlu startı davam etdirərək ardıcıl 8-ci dəfə qələbə qazanıblar. Sonuncu dəfə bu nailiyyətə yalnız Karlo Ançelotti 2016-2017-ci il mövsümündə nail olub.

Həmçinin Harri Keyn “Bavariya”nın heyətində 104-cü oyunda 100 qol hədəfinə çatmağı bacarıb. Hücumçu həm Erlinq Haalandın “Mançester Siti”də, həm də Kriştiano Ronaldonun “Real”dakı (hər ikisi 105 oyunda) göstəricilərini geridə qoyub.

Bundan başqa, Harri Keyn Bundesliqada ardıcıl 18 penaltini dəqiq yerinə yetirən ilk futbolçu kimi də yeni rekorda imza atıb

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
47
8
azertag.az

10Mənbələr