AZ

Prezidentin çıxışı yeni dövrün başlanğıcını və Azərbaycanın liderliyini təsdiqlədi Azay Quliyev yazır

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Prezidentinin BMT Baş Assambleyasındakı tarixi çıxışı: Yeni qlobal paradiqmalar fonunda Azərbaycanın Liderliyi

Gununsesi.info Sentyabrın 25-də BMT Baş Assambleyasının 80 illik yubiley toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı təkcə diplomatik addım deyil, həm də ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində qazandığı tarixi nailiyyətlərin dünyaya bəyanı kimi qiymətləndirilməlidir. Bu çıxış həm regional, həm də qlobal müstəvidə yeni reallıqların təsdiqi, Azərbaycanın uğurlu inkişaf yolunun təqdimatı və beynəlxalq ictimaiyyətə ünvanlanan strateji mesaj oldu.

Niyə məhz indi?

Əsas suallardan biri budur: niyə Prezident İlham Əliyev məhz indiki dövrdə BMT Baş Assambleyasının iclasında şəxsən iştirak etməyi zəruri hesab etdi?

Xatırladaq ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra dövlət başçısı yalnız bir dəfə, 2021-ci ildə videoformatda Assambleyaya müraciət etmişdi. Halbuki həmin vaxtdan etibarən Azərbaycan mühüm uğurlar əldə etmişdi:

• 2023-cü ilin sentyabrında separatizmin kökünün kəsilməsi və dövlət suverenliyinin tam bərpası;

• 2024-cü ildə Rusiya sülhməramlılarının ölkədən çıxarılması;

• Sülh danışıqlarının xarici güc mərkəzlərinin təsirindən çıxarılaraq ikitərəfli müstəviyə keçirilməsi.

Bununla belə, dövlət başçısının qarşısına qoyduğu strateji hədəflər tam olaraq yalnız 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən üçtərəfli Zirvə görüşündən sonra reallaşdı. Həmin görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandı, Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı tarixi anlaşma əldə olundu, Minsk qrupu və ona aid təsisatların ləğvi haqqında razılıq əldə edildi və sentyabrın 1-də ATƏT-in qərarı ilə bu razılaşma rəsmiləşdirildi, ABŞ–Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi, 907-ci düzəlişin icrası dayandırıldı. Bütün bunlar Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi qələbənin siyasi-hüquqi təsdiqi idi.

Başqa sözlə, döyüş meydanında qazanılmış tarixi zəfər artıq ABŞ Prezidentinin imzası ilə rəsmiləşdi və dünya ictimaiyyəti tərəfindən tanındı.

Azərbaycanın qlobal oyunçuya çevrilməsi:

Məhz bu səbəbdən Prezident İlham Əliyevin BMT Baş Assambleyasında iştirakı və çıxışı Azərbaycanın tamamlanmış, əbədi zəfərinin rəsmi bəyanı oldu. Dövlət başçısı Azərbaycanın yenilənmiş, güclənmiş, regional oyunçudan qlobal oyunçuya çevrilmiş obrazını dünya ictimaiyyətinə təqdim etdi.

Azərbaycan Prezidenti 193 üzv dövlət arasında yeganə lider idi ki, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla təmin etmişdi. Bu, eyni zamanda Cənubi Qafqazda real sülh və təhlükəsizlik mexanizmlərinin yaradılması demək idi. Müasir dünyada heç bir ölkə Azərbaycanın etdiyi kimi həm müharibəni, həm də sülhü qazanmağı bacarmayıb.

Çıxışın tarixi və strateji əhəmiyyəti

Prezident İlham Əliyevin çıxışı sadəcə nitq deyildi, bu, Azərbaycan modelinin beynəlxalq aləmə təqdimatı idi. Bu model:

• işğaldan və ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən dövlətlər üçün örnək;

• qlobal siyasətdə ədalətin bərpası üçün istinad nöqtəsi;

• uğur düsturunun təqdimatı idi.

Bu çıxış eyni zamanda Cənubi Qafqazda, Mərkəzi Asiyada və Şərqi Avropada yeni dövrün başlanğıcını və Azərbaycanın liderliyini təsdiqlədi.

Nəticə

BMT Baş Assambleyasındakı tarixi çıxış bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal səviyyədə də proseslərə təsir imkanlarına malikdir. Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətə Azərbaycanın yeni rolunu – güclü, müstəqil, ədalətli və strateji tərəfdaş kimi rolunu nümayiş etdirdi.

Beləliklə, dövlət başçısının çıxışı Azərbaycanın diplomatik salnaməsində mühüm mərhələ olmaqla yanaşı, həm də qlobal siyasətdə yeni paradiqmanın təsdiqi kimi tarixə düşdü.

Azay Quliyev

Milli Məclisin deputatı

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
4
icma.az

5Mənbələr