BAKI, 26 sentyabr. TELEQRAF
"Fərhad Bədəlbəylinin təklifini dəstəkləyirəm".
Bunu Teleqraf-a Əməkdar incəsənət xadimi Ayaz Salayev Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin "Leyli və Məcnun” sırf Ərəbistanla bağlıdır, biz niyə ərəbdilli ölkələrdə film-opera çəkmirik?!" fikrinə münasibət bildirərkən deyib.
"Üzeyir Hacıbəylinin yaradıcılığının mahiyyəti məhz Qərb və Şərqi birləşdirir. O, öz əsərləri ilə iki fərqli mədəniyyətin, musiqi ənənələrinin və düşüncə tərzlərinin qovuşduğu bir körpü rolunu oynayıb. Bu gün də Azərbaycan eyni missiyanı, yəni Şərqlə Qərbi birləşdirməyi öz üzərinə götürə bilər. Azərbaycan bu gün çox böyük tarixi dövrünü yaşayır. Azərbaycanın həm Şərqin dərin köklərinə bağlı, həm də Qərbin modern dünyasına açıq olması bu tarixi missiyanın əsas dayağıdır", - A.Salayev əlavə edib.
Xalq artisti Rasim Balayev vurğulayıb ki, ərəbdilli ölkələrdə kinematoqrafiya sahəsi inkişaf etməyib: "Onlar daha çox maddi dəstək, yəni sponsorluq baxımından dəstək ola bilərlər. Buna görə də, əgər məqsədimiz ərəbdilli ölkələrdə bir film, xüsusilə də opera səviyyəsində böyük bir ekran əsəri çəkməkdirsə, bu işə ciddi yanaşmaq və peşəkar səviyyədə hazırlıq aparmaq lazımdır".
R. Balayev onu da qeyd edib ki, 44 günlük Vətən müharibəsindən bəhs edilən filmlər çəkilməlidir: "Böyük qələbəmiz haqqında ekran əsərləri çəkilməlidir. Bütün qəhrəmanlarımızı birdən-birə ekrana gətirmək mümkün deyil. Amma elə qəhrəmanlarımız var ki, onların obrazı mütləq yaradılmalıdır".