AZ

“Qarabağın qələbəsinə çox sevindim” – Vladimir Litvintsevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ + FOTO/VİDEO

Vladimir Litvintsev 2026-cı ildə Milanda və Kortina-d’Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək yeganə fiqurlu konkisürən olacaq. Digər azərbaycanlı idmançılar – solist Nərgiz Süleymanova və buzüstü rəqs duetimiz Samanta Ritter–Daniil Brıkalov cütlüyü isə ISU “Skate to Milano” olimpiya təsnifat turnirində lisenziya qazana bilmədilər.

Litvintsev isə 2025-ci ilin martında ABŞ-nin Boston şəhərində keçirilən dünya çempionatında Olimpiadaya vəsiqəni təmin edib. Bu, onun üçün ilk Olimpiya təcrübəsi deyil. O, 2022-ci ildə Pekində keçirilən Oyunlarda 18-ci yeri tutmuşdu.

2018-ci ildən Azərbaycanı təmsil edən Vladimir Litvintsev hazırda Moskvada Viktoriya Butsayeva ilə birgə çalışır.

O, İdman.biz-ə müsahibəsində Olimpiadaya hazırlığından, məqsədlərindən və şəxsi maraqlarından danışıb.

– 2026-cı il Olimpiadasında Azərbaycanı yeganə fiqurlu konkisürən kimi təmsil edəcəyinizi eşidəndə nə düşündünüz?

– Hesab edirəm ki, digər azərbaycanlı idmançılar təsnifat turnirində əllərindən gələni etdilər, amma təəssüf ki, alınmadı.

– Bu təsnifat yarışını izləyə bildinizmi?

– Xeyr, çünki hazırda məşq prosesindəyəm. Amma müəyyən qədər məlumatlıyam.

– Digər azərbaycanlı idmançıların olmaması sizə əlavə məsuliyyət yükləyirmi?

– Mənim üçün fərqi yoxdur – digər idmançılar olsa da, olmasa da, hazırlığım və yanaşmam eyni olacaq.

– Olimpiadaya hazırlığınız necə gedir?

– Sakit və planlı şəkildə. Sağlamlıq baxımından da hər şey qaydasındadır. Məşqçilərimi dinləyirəm, birlikdə məqsədimizə doğru gedirik. Məqsədim iki təmiz proqram nümayiş etdirməkdir, sonrası isə necə olar, olar. Əhval-ruhiyyəm müsbətdir. Üstəlik, valideynlərim, yaxın dostlarım, məşqçilərim və digər fiqurlu konkisürənlər məni dəstəkləyirlər. Onların dəstəyi Olimpiadaya və mövsümə hazırlığımda çox önəmlidir. Hamısına minnətdaram.

– Olimpiadada hansı proqramı görəcəyik?

– Yeni proqram hazırlayırıq. Tezliklə Qazaxıstanda yarış olacaq, onu orada görə biləcəksiniz. İndi isə bu sirr qalsa yaxşıdır.

– Ən azından proqramın ab-havasını paylaşa bilərsinizmi?

– Belə deyim: sərbəst proqramım “Coker”in davamı olacaq (fiqurlu konkisürmə azarkeşlərinin sevdiyi əvvəlki proqram nəzərdə tutulur).

– Yeni proqramınızdakı ən çətin element hansıdır?

– Deyə bilmərəm. Əslində, bütün elementlər eyni zamanda həm çətindir, həm də asandır. Əsas məsələ təmiz sürməkdir.

– Bəs sevimli elementiniz hansıdır?

– Qısa və sərbəst proqramlarda addım kombinasiyalarını çox sevirəm. Ümumiyyətlə, fiqurlu konkisürmə mənim sevdiyim sahədir, başa düşürsünüz? Ona görə də təkcə bir elementi seçmək çətindir.

– Fiqurlu konkisürmədə kişilər arasında favoritiniz kimdir?

– ABŞ təmsilçisi İlya Malinini.

– Olimpiadadan əvvəl Bakıya gəlməyi planlaşdırırsınızmı?

– Yarış cədvəli hələ tam bəlli deyil, amma ümid edirəm ki, gələcəm.

– Ümumiyyətlə, Azərbaycana tez-tez gəlirsinizmi?

– Keçən il təxminən 4–5 dəfə olmuşam. İndi isə sayını dəqiq xatırlamıram.

– Bu illər ərzində Azərbaycan mədəniyyəti ilə tanış ola bilmisinizmi?

– Azərbaycan mətbəxini çox sevirəm, xüsusilə plovu və müxtəlif ət yeməklərini. Bakı çox müasir şəhərdir, gözəl yerləri çoxdur. İçərişəhərdə də olmuşam.

– Ailəniz Azərbaycanda olub?

– Hələlik mümkün olmayıb, amma yaxın gələcəkdə ümid edirəm ki, gələ biləcəklər. Mən isə əsasən sənədlərlə bağlı gəlirəm – vizalar və s. Bir müddət Bakıda məşq də etmişəm.

– Buz arenası barədə fikirləriniz necədir?

– Çox gözəl kompleksdir!

– Hazırda Bakıda ilk dəfə fiqurlu konkisürmə üzrə Qran-pri keçirilir. Sizcə, bu, ölkədə bu idmanın inkişafına təsir göstərəcəkmi?

– Əlbəttə. Qran-prinin keçirilməsi ölkə və federasiya üçün böyük uğurdur. Ümid edirəm ki, bu hadisə fiqurlu konkisürmənin Azərbaycanda populyarlaşmasına kömək edəcək.

– Yaxınlarda universiteti bitirib fiqurlu konkisürmə üzrə məşqçi diplomu almısınız. Dərsləri və məşqləri necə çatdırırsınız?

– Qiyabi oxuyurdum. Çətin idi, amma öhdəsindən gəldim.

– Gələcəkdə məşqçi olmaq planınız var?

– Vaxt göstərər.

– Fiqurlu konkisürmədən başqa hansı idman növlərinə marağınız var?

– Hokkey xoşuma gəlir, bəzən futbol da izləyirəm. Amma başqa idman növlərinin fanatı deyiləm.

– Azərbaycan idmanına marağınız varmı? Məsələn, “Qarabağ” futbol klubu Çempionlar Liqasında ilk qələbəsini qazandı…

– Çox sevindim. Azərbaycan komandası üçün böyük nailiyyətdir. Tezliklə matçın yazısını mütləq izləyəcəyəm. Bilirəm ki, Azərbaycanda güləş, karate və boks da çox inkişaf edib.

– İdmandan əlavə həyatınızda musiqi də var. Marağınız necə başladı?

– Uşaq vaxtı anam məni piano dərslərinə aparmışdı. O vaxtdan musiqi həyatımın ayrılmaz hissəsidir. Musiqi dinləməyi sevirəm, bu, idmanda da kömək edir – ritmi daha yaxşı hiss edirəm. Bu baxımdan musiqi mənim fiqurlu konkisürmədə köməkçimdir.

Bundan əlavə, çıxışlar üçün musiqi montajı ilə məşğul oluram. Hazırda öz Olimpiya proqramım üçün də bunu edirəm. Məşqçilər və idmançılar mənə bu işdə güvənirlər. Amma hazırda vaxtım çox məhduddur, buna görə də yalnız öz proqramımla məşğulam – çünki musiqi montajı çox enerji tələb edir.

– Musiqi seçimi necə olur?

– Bunu məşqçilərlə birlikdə edirik. Onlar da, mən də variantlar təklif edirik və ortaq qərara gəlirik. Bu dəfə musiqini mən təklif etmişəm. Hazırda bəzi eskizlərim var idi, hamıya xoş gəldi. Amma qeyd edim ki, musiqiyə həddən artıq dərinləşmək fikrim yoxdur – mənim üçün prioritet idmandır.

– Sevimli musiqiçiləriniz kimlərdir?

– Pleylistimdə nə varsa, hamısını dinləyirəm.

Leyla Eminova

İdman.biz

Seçilən
17
1
idman.biz

2Mənbələr