AZ

Tədqiqat: Ayda böyük platin ehtiyatları ola bilər

Tədqiqat: Ayda böyük platin ehtiyatları ola bilər

Alimlər bildirirlər ki, qiymətli metalları əldə etmək üçün növbəti mənbə asteroidlər deyil, birbaşa Ay ola bilər. Yeni tədqiqat göstərir ki, Aydakı on minlərlə kraterdə platin qrupu metalları və suyun izləri tapıla bilər.

Müstəqil astronom Cayanth Chennamangalamın rəhbərliyi ilə aparılan araşdırmaya görə, 6500 kraterdə platin, paladyum və rodyum kimi nadir, sənaye və tibb üçün kritik metalların mövcudluğu ehtimal olunur. Təxminən 3400 kraterdə isə su hidratlı minerallar şəklində ola bilər ki, bu da gələcəkdə Ayda qurulacaq elmi və insanlı bazalar üçün əhəmiyyətlidir.

Niyə Ay, niyə asteroidlər deyil?

Asteroidlər qiymətli metallarla zəngin olsa da, onları əldə etmək və mədənçiliyi həyata keçirmək texniki baxımdan çətin və bahalıdır. Ay isə Yer orbitində sabit mövqedə yerləşir və kraterləri daha əlçatan sayılır. Alimlər qeyd edir ki, xüsusilə diametri 19 kilometrdən böyük və mərkəzində yüksəklik olan kraterlər metal baxımından ən güclü namizədlərdir.

Kosmos mədənçiliyi və gələcək planlar

Kosmos mədənçiliyi Yer resurslarının məhdudiyyətinə alternativ kimi qiymətləndirilir. Ayda suyun mövcudluğu astronavtların ehtiyaclarını ödəməyə və Yer üzündən su daşımaya ehtiyacı azaltmağa imkan verəcək.

Tədqiqatda Ay səthinə bahalı eniş vasitələri göndərmək əvəzinə orbitdən uzaqdan müşahidə üsulları ilə hədəf kraterlərin müəyyən edilməsinin daha sərfəli olacağı vurğulanır.

Araşdırma Planetary and Space Science jurnalında dərc olunub.

Seçilən
23
afn.az

1Mənbələr