AZ

Amazon 2,5 milyard dollar təzminat ödəyəcək

Amazon şirkəti ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə iki il davam edən araşdırma nəticəsində 2,5 milyard dollar təzminat ödəməyə razılaşıb.

Missiya.Az xəbər verir ki, bu barədə FTC-nin yaydığı məlumatda bildirilir.

Razılaşmaya əsasən, Amazon 1 milyard dollar inzibati cərimə ödəyəcək. Eyni zamanda, təxminən 35 milyon istifadəçiyə ümumilikdə 1,5 milyard dollar geri qaytarılacaq. Bu, FTC-nin indiyədək bir qayda pozuntusuna görə tətbiq etdiyi ən böyük cərimə hesab olunur.

FTC şirkəti Prime üzvlük xidmətinə istifadəçilərin razılığı olmadan abunə yazmaqda və ləğv prosesini qəsdən çətinləşdirməkdə ittiham edib.

Amazon tərəfi ittihamları rədd edərək bildirib ki, müştərilərə abunə olmaq və onu ləğv etmək üçün aydın seçimlər təqdim olunur.

Şirkətin sözçüsü Mark Blafkin qeyd edib ki, razılaşma müştəri yönümlü innovasiyalara diqqəti artırmağa imkan verəcək.

Müqaviləyə əsasən, Amazon Prime üzvlük qeydiyyatı zamanı istifadəçiləri yönləndirən manipulyativ ifadələrdən imtina edəcək və ləğv prosesi sadələşdiriləcək.

Qeyd edək ki, hazırda Amazon Prime xidmətinə aylıq üzvlük haqqı 14,99 dollar, illik isə 139 dollar təşkil edir. 2024-cü ildə bu xidmət Amazon-a təxminən 44 milyard dollar gəlir gətirib.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
38
missiya.az

1Mənbələr