İnfrastruktur və idarəetməyə edilən yatırım çoxşaxəli idman yarışını ölkənin bölgələrinin inkişafı və modernləşməsi üçün mühüm alətə çevirir.
Azərbaycanda start götürən III MDB Oyunları ilk dəfə olaraq tamamilə regional formatda keçirilir. Mərkəz Gəncə olacaq, lakin yarışlar, həmçinin Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə də baş tutacaq.
Bu qərar beynəlxalq turnirlər üçün adət olunan paytaxt mərkəzli yanaşmanı dəyişir və regionları əsas hadisələrin səhnəsinə çevirir.
Rəqəmlərin dili
Sentyabrın 28-dən oktyabrın 8-dək yeddi şəhərin 12 arenasında 23 idman növü üzrə yarışlar keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 5,5 min nəfərə yaxın iştirakçı – idmançılar və nümayəndə heyətləri Oyunlarda iştirak edəcək.
Ən böyük heyətə ev sahibi Azərbaycan sahibdir – 349 idmançı. Sonrakı sıralarda isə Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus, Tacikistan, Türkmənistan və Qırğızıstan gəlir. Yarışlarda 246 dəst medal uğrunda mübarizə aparılacaq.
Bölgələrdə yeni layihələr
Regionlar üçün bu Oyunlar yalnız medal yarışı deyil. Son illərdə burada idman infrastrukturu davamlı şəkildə yenilənir və məhz bu yarışlarla Gəncə və digər şəhərlərdə yeni layihələrə təkan verilib.
Yarışların bölgələrə paylanması yalnız stadion və meydançaların deyil, həm də nəqliyyat, hotellər, tibbi xidmət, könüllülük və rəqəmsal sistemlərin inkişafını zəruri edir. Turnirdən sonra bu imkanlar yerli əhaliyə və idman məktəblərinə xidmət göstərəcək.
Azad olunmuş torpaqların simvolikası
Xüsusilə Xankəndidə yarışların keçirilməsi Oyunlara böyük rəmzi məna qatır. Gənc idmançılar üçün öz doğma torpaqlarında karyera yolunu görmək imkanı yaranır, məşqçilər və təşkilatçılar isə beynəlxalq standartlı təcrübəni mənimsəyirlər.
Yeni kadrlar və yeni iqtisadiyyat
Minlərlə könüllü təşkilati işlərdə iştirak edir, komandalarla, media və azarkeşlərlə işləmək təcrübəsi qazanır. Gələcəkdə bu insanlar böyük yarışların menecerləri, arenaların rəhbərləri, bilet və media sistemləri üzrə mütəxəssislərə çevriləcək. Bu isə ölkənin idman iqtisadiyyatında yeni nəsil peşəkarların formalaşmasına şərait yaradır.
Sosial və iqtisadi təsir
Bölgələrdə biletlərin əlçatan olması ailəvi istirahət mədəniyyətini formalaşdırır, uşaqları idmana cəlb edir. Federasiyalar üçün isə bu, regionlarda yeni istedadları aşkar etmək şansı deməkdir. Yerli biznes – otellər, nəqliyyat və iaşə sektoru isə gəlirlərin artmasından faydalanır.
Yeni mərhələ
Azərbaycan artıq böyük idman tədbirlərini uğurla qəbul etdiyini sübut edib. Lakin III MDB Oyunlarının əsas özəlliyi onun regional fəlsəfəsidir. Hər şəhər öz rolu ilə bu idman ekosisteminin tərkib hissəsinə çevrilir.
Hazırlıq dövlət səviyyəsində koordinasiya olunur, sınaq yarışları keçirilib, bütün zəruri xidmətlər işə salınıb. Komandaların qəbulu qrafik üzrə davam edir, proqram isə azarkeşlərin müxtəlif idman növlərini bir gündə izləməsinə imkan verəcək şəkildə tərtib olunub.
Gələcəyə baxış
Bu yarışların təsiri yalnız bir neçə günlə məhdudlaşmır. Əgər potensial düzgün istifadə olunarsa, daimi turnirlər, liqalar və uşaq festivalları ilə Azərbaycan idmanı yeni mərhələyə yüksələ bilər. Ən əsası isə – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidəki minlərlə uşaq dərk edəcək ki, böyük idman yolu elə doğma şəhərlərindən başlayır.
Teymur Tuşiyev