AZ

“Amazon” tarixi təzminat ödəyəcək

“Amazon” ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə iki ildir davam edən məhkəmə prosesində razılığa gələrək 2,5 milyard dollar ödəməyi qəbul edib. 

Şirkətin milyonlarla müştərini aldadıcı yollarla “Prime” üzvlüyünə yazılmağa məcbur etdiyi və ləğv prosesini çətinləşdirdiyi iddia olunurdu. 

"Cebheinfo.az" xəbər verir ki, FTC-nin açıqlamasına görə, razılaşma çərçivəsində “Amazon” 1 milyard dollar inzibati cərimə ödəyəcək. 

Bundan əlavə, 35 milyon müştəriyə ümumilikdə 1,5 milyard dollar geri ödəniş ediləcək. Bu qərar FTC tarixində qayda pozuntusuna görə verilmiş ən yüksək cərimə olmaqla yanaşı, qurumun əldə etdiyi ikinci ən böyük geri ödəniş məbləği kimi qeydə alınıb. 

“Amazon” sözçüsü Mark Blafkin açıqlamasında şirkətin qanunları pozmadığını müdafiə edib: 

“Müştərilərimizə üzvlüyü həm başlatmaq, həm də ləğv etmək üçün açıq və sadə yollar təqdim edirik. Bu razılaşma, müştərilər üçün yeniliklərə fokuslanmağımıza imkan verəcək”. 

Razılaşmaya əsasən, “Amazon” artıq üzvlük ekranlarında “Xeyr, pulsuz çatdırılma istəmirəm” kimi istifadəçini yönləndirən seçimlər təqdim edə bilməyəcək. 

Həmçinin “Prime”-a qeydiyyat zamanı şərtlərin aydın şəkildə izah edilməsi və ləğv prosesinin sadələşdirilməsi məcburi olacaq. “Prime” üzvlüyü aylıq 14,99 dollar və ya illik 139 dollara başa gəlir. 2024-cü ildə 44 milyard dollar gəlir əldə edən “Prime” sürətli çatdırılmadan onlayn məzmuna, market alış-verişindən xüsusi endirimlərə qədər geniş xidmət çeşidi təqdim edir. 

Müstəqil analizlərə görə, 2025-ci ilin mart ayına olan məlumata əsasən ABŞ-də təxminən 197 milyon Prime müştərisi var. E-ticarət analitikləri 2,5 milyard dollarlıq ödənişin “Prime”-ın ləğv prosesini daha şəffaf edə biləcəyini, lakin xidmətin bazar üstünlüyünü sarsmayacağını bildirirlər. 

Keçmiş FTC rəhbəri Lina Khan isə “Amazon”-un bu razılaşma ilə mümkün bir məhkumluğun qarşısını aldığını, lakin cərimənin şirkətin böyüklüyü qarşısında “cibdən çıxan xırda pul” səviyyəsində qaldığını deyib. 

Seçilən
40
cebheinfo.az

1Mənbələr