AZ

Qaz sayğacları ilə bağlı gözlənilən cavab gəldi RƏSMİ

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar bəzi vətəndaşlar qaz sayğaclarının tez-tez dəyişdirilməsi ilə bağlı narazılıq edirlər. Bildirilir ki, bu, büdcə vəsaitlərinin talanmasına yol açır. Bu konteksdə keçmiş maliyyə naziri Fikrət Yusifovun da “Laf TV”yə açıqlaması diqqət çəkib. O bildirib ki, sayğac dəyişmə əməliyyatlarında şəffaflıq vacibdir. 

Sitat: “Sayğacı nə qədər dəyişmək olar? “Azəriqaz” bu illər ərzində neçə dəfə sayğac dəyişib? Qiyməti bəyan etmirlər, amma məlum olan odur ki, 10-15 manat deyil. Bütün Azərbaycanda sayğacların dəyişməsi nə deməkdir? Bunu bir dəfə qoyun, 10-15 il işləsin. Bu, sayğac vasitəsilə pul oğurlamaqdır”.

Globalinfo.az məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə (İB) sorğu ünvanlayıb.

Qurumun mətbuat katibi Eldəniz Vəliyev deyib ki, sayğacların dəyişdirilməsi Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar əsasında həyata keçirilir:

“Qaydalara əsasən, məişət tipli sayğaclar hər 5 ildən bir, sənaye tipli sayğaclar isə hər 3 ildən bir dövri dövlət yoxlamasına göndərilməlidir. “Azəriqaz” İB məhz həmin qaydalara istinad edərək sayğacların əvəzlənməsini və yoxlanışa göndərilməsini təmin edir. Bu prosesdə heç bir maliyyə pozuntusundan söhbət gedə bilməz. Əgər Fikrət Yusifov qaz təsərrüfatı sahəsindən məlumatlıdırsa, bilməlidir ki, əvvəllər mexaniki tipli sayğaclar ölkə xaricindən gətirilirdi. Hazırda isə bu sayğaclar Gəncə Cihazqayırma Zavodunda istehsal olunur. Bu, ölkədən valyuta axınının qarşısını alır”.

Eldəniz Vəliyev

Qurum rəsmisi əlavə edib ki, əvvəllər xaricə göndərildikdə baha başa gələn və maliyyə baxımından sərfəli olmayan təmir prosesi indi zavodun özündə həyata keçirilir:

“Zavodda təmir olunmuş sayğacların yenidən istismara buraxılması həm daha ucuz, həm də vaxt baxımından daha səmərəlidir. Bütün bunların fonunda maliyyə vəsaitinin ölkə daxilində qalması və sayğacların yenidən təmir edilərək dövriyyəyə buraxılması “Azəriqaz” üçün üstünlükdür. Bu proses tam olaraq mövcud qaydalara uyğun icra olunur”.

Ləman İmran

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
globalinfo.az

2Mənbələr