AZ

Prezidentin beynəlxalq münasibətlər sistemində strateji xətti - Şərh

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidentinin çağırışı sübut edir ki, Azərbaycan yeni dünya düzəninin qurulmasında aparıcı rol oynamağa hazırdır”

“Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı həm tarixi retrospektiv, həm də gələcəyə baxış baxımından mühüm əhəmiyyət kəsb edir. Çıxış təkcə Azərbaycanın regional siyasətini deyil, həm də beynəlxalq hüquq, qlobal enerji təhlükəsizliyi, iqlim dəyişmələri və beynəlxalq əməkdaşlıq məsələlərində ortaya qoyduğu prinsipial mövqeyi əks etdirir. Onun nitqi Azərbaycanın son 30 ildə keçdiyi mürəkkəb yolun yekunu kimi təqdim olunur və dövlətimizin beynəlxalq münasibətlər sistemində strateji xəttini açıq şəkildə ortaya qoyur”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli Prezidentin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışını şərh edərkən bildirib.

Deputat bildirir ki, Prezidentin nitqinin mərkəzində Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal dövrü, ölkəmizin ədalətsizliyə məruz qalması və nəhayət, 2020-ci ildə Vətən müharibəsi ilə beynəlxalq hüququn bərpa olunması dayanırdı. Prezident İlham Əliyev diqqəti bir daha BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrinə yönəltməklə göstərdi ki, Azərbaycanın qələbəsi həm də selektiv yanaşmalara, ikili standartlara rəğmən beynəlxalq hüququn üstünlüyünün təsdiqi oldu.

E.Mirzəbəylinin fikrincə, ən mühüm məqam isə müharibədən dərhal sonra sülh gündəliyinin elan olunmasıdır. Onun sözlərinə görə, bu, Azərbaycanın qalib tərəf kimi revanşizm deyil, dayanıqlı barışıq və qarşılıqlı tanınma əsasında yeni regional düzən qurmaq istədiyini nümayiş etdirir:

“Çıxışın mühüm hissəsinin Azərbaycan-ABŞ münasibətlərinə həsr edilməsi və Vaşinqton Sammitində əldə olunan razılaşmalara diqqət çəkilməsi tamamilə təbii qəbul olunmalıdır.

Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması ilə bağlı razılaşma, Zəngəzur dəhlizi (TRIPP), 907-ci düzəlişin icrasının dayandırılması və enerji, təhlükəsizlik, iqtisadiyyat sahələrində əməkdaşlığın genişlənməsi istiqamətində əldə olunan nəticələr Azərbaycanın xarici siyasətində yeni mərhələ kimi qiymətləndirilə bilər. Bu, həm də Azərbaycanın çoxvektorlu siyasətinin uğuru kimi diqqət çəkir: Bakı eyni anda həm Avropa, həm ABŞ, həm də Asiya istiqamətlərində paralel şəkildə strateji kurs izləyir və bu kursu balanslaşdırılmış şəkildə məharətlə idarə etməyi bacarır”.

E.Mirzəbəyli qeyd edib ki, Prezidentin çıxışında “Böyük Qayıdış” proqramının Azərbaycanın uğurlu postmünaqişə siyasətinin nümunəsi kimi təqdim edilməsi də şübhəsiz ki, mühüm strateji önəm daşıyır. Azad edilmiş ərazilərdə yenidənqurma, şəhərlərin, kəndlərin, tarixi, mədəni, dini abidələrin bərpası Azərbaycanın təkcə iqtisadi deyil, həm də mənəvi qələbəsini təsdiqləyir:

“Prezident Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın yeni beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu aydın şəkildə əks etdirir:

Azərbaycan qalib dövlət olaraq tarixi və hüquqi ədaləti bərpa edən, regional barışa,  enerji və nəqliyyat sahəsində qlobal təhlükəsizliyə töhfə verən, iqlim diplomatiyasında lider rolunu üzərinə götürən, iqtisadi sabitliyi və humanitar diplomatiyası ilə beynəlxalq etimad qazanan bir ölkədir!

Eyni zamanda, Prezidentin nitqi Azərbaycanın dünya siyasətində yalnız iştirakçı deyil, həm də qlobal proseslərin istiqamətini müəyyənləşdirən dövlətə çevrildiyini nümayiş etdirir. Onun çağırışı sübut edir ki, yeni dünya düzəninin ədalət, bərabərlik və beynəlxalq hüquqa hörmət üzərində quruması mümkündür və Azərbaycan bu prosesdə aparıcı rol oynamağa hazırdır”.

Seçilən
28
hafta.az

1Mənbələr