AZ

İlham Əliyevin BMT-də çıxışı: Sülh qazanmağın Azərbaycan təcrübəsini bölüşməyə hazırıq!

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 80-ci sessiyasında çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu prinsipial mövqeyi, beynəlxalq hüquqa sadiqliyi, regional sülhə, sabitliyə və təhlükəsizliyə verdiyi töhfəni bir daha aydın şəkildə nümayiş etdirdi”.

Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev söyləyib:

"Prezident illər boyunca BMT tribunasından Azərbaycanın üzləşdiyi işğal və təcavüz faktlarını gündəmə gətirdiyini xatırladaraq, bu gün artıq qalib dövlətin lideri kimi regionda dayanıqlı sülhə və əməkdaşlığa töhfə verməyə hazır olduğunu bəyan etdi.

Bu, təkcə milli maraqların təmin olunması deyil, eyni zamanda beynəlxalq hüququn aliliyinin təsdiqi baxımından da mühüm presedent kimi qiymətləndirilir. Belə ki, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması, BMT Nizamnaməsinə görə, onun ali orqanlarından olan Təhlükəsizlik Şurasının üzərinə düşsə də, real addımlar atılmadı.

Postmünaqişə dövründə aparılan Sülh danışıqlarını üçüncü qüvvələrin müdaxiləsindən qorumaq və vasitəçisiz uğurla başa çatdırmaq da sülh qazanmağın Azərbaycan modelinin əsas komponentlərindəndir. Regionda sülhü və təhlükəsizliyi hərbi, siyasi və diplomatik vasitələrlə təmin edən, müharibəni və sülhü qazanan dövlətin lideri bu təcürbəni - Azərbaycan təcrübəsini bölüşməyə hazır olduğumuzu bu universial təşkilatın ali kürsüsündən bəyanat etdi”.

Rizvan Nəbiyevin fikrincə, dövlət başçısının çıxışında əks olunan əsas mesajlar son beş ildə, Şanlı Zəfərimizdən sonra regionda yaranmış yeni geosiyasi reallıqların təməlində duran mühüm məqamları əhatə edir:

“Prezidentin vurğuladığı kimi, Azərbaycan uzun illər işğal və ədalətsizlikdən əziyyət çəkdiyi, ikili standartlarla üz-üzə qaldığı halda, BMT nizamnaməsinə, müvafiq qətnamələrinə və beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Çıxışda Azərbaycanın beynəlxalq əməkdaşlığa və konstruktiv dialoqa açıq olması, eyni zamanda ikili standartlara qarşı prinsipial mövqe tutması xüsusi vurğulanmışdır. Prezident İlham Əliyevin “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı dünya quraq” çağırışı, qlobal miqyasda hüquq və ədalətə əsaslanan yeni beynəlxalq münasibətlər sisteminə ehtiyac olduğunu diqqətə çatdırır. Bu, həm inkişaf etməkdə olan ölkələrin, həm də münaqişə bölgələrinin ədalətli münasibətə ehtiyacı olduğuna dair mühüm mesajdır. Bu mesajın əhəmiyyəti həm də ona görə diqqəti çəkirk ki, BMT təşkilat olaraq Nizamnaməsinin 2-ci maddəsinə görə, üzv dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanır”.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti BMT tribunasından çıxış edərək ölkəsinin sülh təşəbbüslərinə sadiqliyini, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və suverenliyə əsaslanan yanaşmanı dəstəklədiyini bir daha bəyan etmişdir.

“Bu yanaşma, hazırkı dövrdə beynəlxalq təhlükəsizlik və davamlı inkişaf üçün strateji əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin çıxışı BMT-nin ali tribunasında Azərbaycanın haqlı mövqeyinin və beynəlxalq hüquqa söykənən siyasətinin ifadəsi olmaqla yanaşı, qlobal ədalət, sabitlik və əməkdaşlıq çağırışının da bariz nümunəsidir. Prezidentin çıxışı Azərbaycan diplomatiyasının sülh yönümlü, prinsipial və konstruktiv xarakter daşıdığını bir daha sübut edir. Bu çıxış, həm regional sabitlik, həm də beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli bir sənəd kimi qiymətləndirilə bilər”.

Seçilən
16
2
operativmedia.az

3Mənbələr